ELM VƏ TƏHSİL
Vazeh Əskərov: Gənclərin xaricdə təhsil almağa göndərilməsi ənənəsinin əsası Ümummilli Lider tərəfindən qoyulub
Bakı, 21 oktyabr, AZƏRTAC
İstər sovet dövründə, istərsə də Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra azərbaycanlı gənclərin xaricdə təhsil almağa göndərilməsi ənənəsinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Bu, sonralar Ulu Öndərin ideyalarının layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.
AZƏRTAC xəbər verir ki, bunu “Keçmişə ehtiram, gələcəyə inamla: Heydər Əliyev irsindən bəhrələnən müasir Azərbaycan gəncliyi” mövzusunda konfransda YAP İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi Vazeh Əskərov deyib.
O bildirib ki, bu gün Ulu Öndərin təhsil siyasəti Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev son 20 ildə qarşıya qoyduğu bütün strateji məsələlərə nail olub.
“Dövlətimizin başçısı həmişə vurğulayır ki, “dövlətin, xalqın gələcəyi intellektual inkişafla bağlıdır və elmə qoyulan sərmayə millətin sabahına xidmət edir”. Bu yöndə ölkənin neft strategiyasından əldə olunan gəlirlərin insan kapitalına çevrilməsi sosial-iqtisadi islahatların davamlılığının uğurla gerçəkləşdirilməsinə xidmət edir. Ölkə Prezidenti müxtəlif ölkələrin təcrübəsini müqayisə edərək uğur qazanmağın əsas səbəblərini neft-qaz ehtiyatları ilə deyil, elmə, biliyə yiyələnməklə əlaqələndirərək qeyd edir ki, təbii ehtiyatların və insan kapitalının sintezi Azərbaycanı çox qabaqcıl, müasir ölkəyə çevirəcəkdir. Təhsilə qoyulan vəsaitin ölkənin hərtərəfli inkişafına, iqtisadiyyatın, davamlı tərəqqinin təmin olunmasına əsaslı zəmin yaratdığını vurğulayan dövlətimizin başçısı təhsil sisteminin müasirliyi və effektivliyini dayanıqlı sosial-iqtisadi inkişaf strategiyasının reallaşmasının əsas şərtlərdən biri kimi səciyyələndirir” , - deyə Vazeh Əskərov əlavə edib.