VELOSİPEDLƏ DÜNYA GƏZİNTİSİNƏ ÇIXMIŞ SƏYYAH AZƏRBAYCANA GƏLMİŞDİR
AZƏRTAC xəbər verir ki, dünyanın 20-dən artıq ölkəsini velosipedlə gəzmiş iranlı səyyah Rəhmətullah Azad Azərbaycana gəlmişdir.Astaradan sərhədi keçərək ölkəmizə gələn 48 yaşlı səyyah müxbirimizə müsahibəsində bildirmişdir ki, artıq 10 ildən çoxdur velosipedlə Şərq və Qərb ölkələrini gəzərək qloballaşan dünyada insanların diqqətini getdikcə artan problemlərə yönəltməyə çalışır. Yaşadığımız dünyada hazırda 500 milyondan çox əlilin olduğunu xatırladan R.Azad eyni zamanda, milyonlarla insanın ərzaq çatışmazlığından əziyyət çəkdiyini, bir o qədərin də təhsil hüququndan məhrum olduğunu diqqətə çatdırmışdır.
R.Azadın qənaətinə görə, insanların bu ümumbəşəri problemlərə xüsusi diqqətlə yanaşmasına böyük ehtiyac duyulur. Onların aradan qaldırılması məqsədi ilə dünyanı gəzərək beynəlxalq qurumların, təbiəti mühafizə təşkilatlarının, insan hüquqlarını müdafiə fondlarının diqqətini məsələyə yönəltməyə çalışdığını, azadfikirli adamları birliyə çağırdığını deyən qonaq, sülh və dostluq carçısı kimi “ikitəkərli dostu” ilə Hindistan, Əfqanıstan, Liviya, Suriya və Pakistanla yanaşı, Avropa ölkələri olan Türkiyə, Serbiya, Yunanıstan, İtaliya, Avstriya, Macarıstan və Rumıniyada da olduğunu bildirmişdir.
R.Azad keçmiş sovet respublikaları Gürcüstan, Tacikistan və Türkmənistandan sonra Azərbaycana ilk dəfə gəldiyini vurğulamışdır. O, burada özünü qürbətdə deyil, sanki doğma elində olduğu kimi hiss etdiyini deyərək göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirmişdir. Şəhərlərin, adətən, orada yaşayan insanlara bənzədiyini, Bakının isə öz gözəlliyi ilə onu heyran qoyduğunu deyən velosipedçi, Azərbaycana növbəti səfərini böyük məmnuniyyətlə azad edilmiş Dağlıq Qarabağdan başlamaq arzusunu xüsusi vurğulamışdır.
İranlı səyyah əlaqədar qurumların rəhbərləri ilə görüşərək ictimaiyyətin diqqətini qeyd edilən problemlərə yönəltmək niyyətində olduğunu dilə gətirmişdir. Rəhmətullah Azad Azərbaycandan Rusiyaya, oradan isə Avropa ölkələrinə getmək fikrindədir.