Vergilər Nazirliyində 20 yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir
Bakı, 17 yanvar (AZƏRTAC). Vergilər Nazirliyində 20 yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir.
Nazirliyin analitik-informasiya şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, mərasimdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq kafedrasının müdiri, professor, hüquq elmləri doktoru Rüstəm Məmmədov çıxış edərək bu qanlı faciənin tarixi kökləri, onu doğuran səbəblər barədə danışmışdır. Bildirilmişdir ki, 1990-cı il yanvarın 20-də keçmiş sovet dövlətinin silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi qanlı aksiya insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixə düşmüşdür. Həmin günlərdə Azərbaycan xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldıqlarına görə bu hadisə tariximizə həm də qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur.
Tədbirdə xüsusi vurğulanmışdır ki, qanlı Yanvar hadisələrinə əsl siyasi-hüquqi qiymət yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra verilmiş, günahkarların adları açıqlanmışdır. Azərbaycanın informasiya blokadasına alındığı bir vaxtda Ulu Öndərin heç nə nədən çəkinmədən Azərbaycanın Moskva şəhərindəki daimi nümayəndəliyinə gələrək xalqımızın haqq səsini dünya ictimaiyyətinə çatdırması, öz xalqı ilə birlikdə olduğunu nümayiş etdirməsi minnətdarlıq hissi ilə xatırlanmışdır. Qeyd edilmişdir ki, Heydər Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutaraq onların adlarının əbədiləşdirilməsi ilə bağlı bir sıra fərman və sərəncamlar imzalamış, 20 Yanvar ümumxalq hüzn günü elan olunmuş, Şəhidlər Xiyabanında möhtəşəm abidə ucaldılmışdır. Azərbaycan xalqı 20 yanvar qurbanlarının xatirəsini bu gün də əziz tutur. Azərbaycan Prezidenti İlham Əliyev şəhid ailələrinin sosial problemlərinin həlli ilə bağlı mütəmadi olaraq konkret göstərişlər verir, onlara lazımi diqqət və qayğı göstərilir.
Tədbirdə İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyorlarının ifasında 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Qalx ayağa, Azərbaycan” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.