Vətən müharibəsi şəhidi Röyal Məmmədovun xatirəsi anılıb
Şirvan, 27 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC
Vətənimizin azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi hər zaman qürurla anılır. 44 günlük Zəfər yürüşü zamanı qəhrəmancasına şəhid olan Röyal Məmmədovun da şəhadətinin üçüncü il dönümündə xatirəsi yad edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Vətən müharibəsi şəhidi Məmmədov Röyal Misil oğlunun anım günü onun məzarı başında qeyd edilib. Şəhidin xatirəsini ananlar arasında ailəsi ilə bərabər, Şirvan Şəhər İcra Hakimiyyətinin, YAP Şirvan şəhər təşkilatının, hüquq mühafizə orqanlarının rəhbərliyi, şəhid ailələrinin üzvləri, qazilər, din xadimləri və ictimaiyyət nümayəndələri yer alıb.
Röyal Məmmədovun məzarı ziyarət olunub, ruhuna dualar oxunub, həmçinin digər şəhidlərin əziz xatirəsi sükutla anılıb.
Tədbirdə çıxış edənlər tarixi Qələbənin qazanılması uğrunda mübarizədə canlarından keçən bütün qəhrəman oğullarımızın xatirəsinin əbədi yaşayacağını bildiriblər. Şəhid Röyal Məmmədovun timsalında şəhidlərin şərəfli döyüş yolunun gələcək nəsillərə nümunə olduğu diqqətə çatdırılıb. Röyal Məmmədovun şərəfli həyatından və keçdiyi döyüş yolundan söhbət açılıb. Bildirilib ki, R. Məmmədov 1990-ci il oktyabrın 12-də Şamaxı rayonunun Kürdəmic kəndində anadan olub. O, Şirvan şəhər 13 nömrəli tam orta məktəbində təhsil alıb və Şirvan Peşə Liseyinin məzunu olub. Vətən müharibəsi başlayan zaman cəbhəyə yollanaraq ön sıralarda yer alıb. Röyal Füzuli, Cəbrayıl və Qubadlı istiqamətlərində gedən döyüşlərdə iştirak edib və 2020-ci il oktyabrın 26-da şiddətli döyüşlərdən birində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb.
Döyüşlərdə göstərdiyi şücaətə görə Məmmədov Röyal Misil oğlu ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.