Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Bakı, 18 oktyabr, AZƏRTAC
Vətən müharibəsi qəhrəmanı, AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) baş mühəndisi Rahim Heydərovun oğlu, YT parkın rezidenti olan Təcrübə-Sənaye Zavodunun əməkdaşı olmuş Rafiq Heydərovun şəhadətindən bir il ötür.
YT Parkdan AZƏRTAC-a bildirilib ki, R.Heydərovun ailə üzvləri və yaxınları, əsgər yoldaşları, qazilər, orta təhsil aldığı Binəqədi rayon 301 saylı məktəbin müəllimləri və şagirdləri, eləcə də ali təhsil aldığı Azərbaycan Memarlıq və İnşaat Universitetinin əməkdaşları, həmçinin YT Parkın kollektivi II Fəxri xiyabanda onun məzarını ziyarət ediblər.
Anım mərasimində 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açılıb, Vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqlardan danışılıb.
Çıxış edənlər şəhid Rafiq Heydərovun qısa və şərəfli ömür yolundan, göstərdiyi şücaətdən, Vətən sevgisindən bəhs edib, onun xatirəsinin qəlblərdə əbədi yaşayacağını vurğulayıblar.
Mərasim iştirakçıları Rafiq Heydərovun unudulmaz xatirəsinə bəslədikləri hörmət və ehtiramın ifadəsi olaraq onun məzarı üzərinə əklil və gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.
Həmçinin şəhidin təhsil aldığı məktəbin şagirdləri Vətənə, şəhidlərə həsr olunmuş qəhrəmanlıq şeirləri səsləndiriblər.
Şəhidin atası Rahim Heydərov oğlunun xatirəsinə göstərilən hörmət və ehtirama görə hər kəsə təşəkkürünü bildirib.
Qeyd edək ki, Rafiq Heydərov 1995-ci il iyulun 1-də Bakı şəhərində dünyaya göz açıb. Ürəyində Vətən sevgisi olan Rafiq torpaqlarımızın erməni təxribatçılarından azad edilməsi uğrunda başlayan Zəfər yürüşündə iştirak edib. 2020-ci il oktyabrın 14-də o, Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə düşmən təxribatının qarşısını fədakarcasına alarkən şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.