Vətəndaş elminin təhlükəsizlik problemləri araşdırılır
Bakı, 25 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda “Vətəndaş elmi: təhlükəsizlik problemləri və həlli yolları” mövzusunda elmi seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə şöbə müdiri Təhmasib Fətəliyev mövzunun aktuallığından danışıb.
Şöbənin əməkdaşı Nərgiz Verdiyeva vətəndaş elminin xüsusiyyətləri, vətəndaş elmində inklüzivlik, təhlükəsizlik problemlərinin təsnifatı, təhlükəsizliyin təmin edilməsi yolları barədə məruzə edib. Bildirib ki, geniş məkan və zaman kateqoriyalı kəmiyyət ölçmələri, müşahidələr, böyük həcmli verilənlərin toplanmasında çox sayda könüllünün iştirakı, eləcə də maliyyələşmənin olmaması və verilənlərin onlayn toplanması vətəndaş elminin əsas xüsusiyyətləridir.
Vətəndaş elmində inklüzivliyin təmin olunması məsələlərindən də danışan N.Verdiyeva 2016-cı ildə Berlində keçirilən Avropa Vətəndaş Elmi Assosiasiyasının (ECSA) beynəlxalq konfransında bu problemlərin müzakirə olunduğunu diqqətə çatdırıb. ABŞ-ın timsalında fiziki məhdudiyyətli şəxslərə elm və təhsil sahəsində peşəkar imkanların yaradıldığını diqqətə çatdırıb.
Daha sonra N.Verdiyeva informasiya təhlükəsizliyi siyasətini həyata keçirən qurumlar, uşaqların təhlükəsizliyinin təmin olunmasını nəzərdə tutan “BudBurst” layihəsi barədə ətraflı danışıb.
Məruzəçi, həmçinin informasiya texnologiyalarının son nailiyyətlərinin tətbiqi ilə vətəndaş elminin intensiv olaraq inkişafına, müvafiq sahədə inklüzivliyin təmin olunması ilə iştirakçı məhdudiyyətlərinin aradan qaldırılmasına və tədqiqatların keyfiyyətinin artırılmasına müsbət təsirlərini vurğulayıb.
Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.