Vətəndaşlar subsidiya kartları üçün daha banka getməyəcəklər
İsmayıllı, 3 aprel, AZƏRTAC
Xüsusi karantin rejimi şəraitində vətəndaşların zərurət olmadıqda evdən çıxmaları qadağan edilib. Əlbəttə, insanlar istər-istəməz xəstəxanalara, banklara, ərzaq mağazalarına getmək məcburiyyətindədirlər. Belə bir şəraitdə onların evdən çıxışlarını məhdudlaşdırmaq istiqamətində tədbirlər də görülür.
İsmayıllı Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, artıq tənha ahıl insanlara xidmətlər evlərində göstərilir. Belə ki, modul qruplar, yerli icra nümayəndələri və könüllülər onları pulsuz olaraq zəruri ərzaq məhsulları və dərman preparatları ilə təmin edir, arzu və istəklərini yerinə yetirirlər.
Eyni zamanda, vətəndaşların bank filialına getmələrinin azaldılması məqsədilə kənd təsərrüfatı ilə bağlı subsidiya kartlarının poçt şöbələri vasitəsilə onların evlərinə göndərilməsinə başlanılıb.