“Vətənim Azərbaycan” respublika uşaq rəsm müsabiqəsinə qeydiyyat başa çatıb
Bakı, 13 dekabr, AZƏRTAC
Mədəniyyət və Təhsil nazirlikləri, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Könüllülər ili” çərçivəsində “Vətənim Azərbaycan” adlı Respublika uşaq rəsm müsabiqəsinə qeydiyyat başa çatıb.
AZƏRTAC xəbər verir ki, müsabiqəyə 3 yaş qrupu üzrə - 12 yaşa qədər, 12-17 yaş arası və 17 -21 yaş qrupları olmaqla, Respublikamızın müxtəlif guşələrindən 1000-ə yaxın uşaq və yeniyetmə qatılıb.
Müsabiqə Azərbaycanı gənc nəslə tanıtmaq, Vətən müharibəsində həmrəylik və birliyimizin qorunmasını, həmçinin vətən uğrunda fədailik və şəhidlik zirvəsinə yüksələnlərin qəhrəmanlığını tabloda tərənnüm etmək, gənc rəssamların bacarıqlarını inkişaf etdirmək məqsədilə keçirilib.
Ən çox uşaqların öz duyğu və düşüncələri ilə işlənmiş əsərlərə üstünlük verilib. Birinci turdan keçəcək əsərlər Xətai Sənət Mərkəzində təşkil ediləcək sərgidə nümayiş olunacaq.
Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar.
Müsabiqəyə AZƏRTAC da media dəstəyi verib.