Videokonfrans: Zərərli vərdişlərlə mübarizədə könüllülərin rolu
Bakı, 19 iyun, AZƏRTAC
Bərdə Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Zərərli vərdişlərlə mübarizədə könüllülərin rolu” mövzusunda videokonfrans keçirilib.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, videokonfransda Bərdə Rayon Gənclər və İdman İdarəsinin rəisi Hikmət Ələkbərli, Gənclər və İdman İdarəsinin rəis müavini Aydın Qasımov, İdarənin baş məsləhətçisi Fidan Nəsirli, Gənclərin İnkişaf və Karyera Mərkəzinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Orxan Fəxrəddinov, Bərdə regional “ASAN xidmət” mərkəzinin könüllüləri çıxış edərək narkomaniyanın gənc nəslə vurduğu zərərdən, narkomaniya ilə mübarizənin ölkə rəhbərliyinin daim diqqət mərkəzində olduğundan danışıblar.
Çıxış edənlər narkomaniyanın cəmiyyətin sağlam inkişafına, mənəviyyatına ağır zərbə vurmasından, narkotiklərin qəbulunun insan orqanizmi üçün zərərli nəticələrindən və onun törətdiyi fəsadlardan söz açıblar. Qeyd olunub ki, müasir dövrümüzdə narkomaniya cəmiyyətin ən çox rastlaşdığı və müzakirə etdiyi problemlərdən biridir.