Videokonfransda əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun qəhrəmanlığından bəhs olunub
Şəki, 21 avqust, Mustafa Dadaşov, AZƏRTAC
İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin qazanılmasında böyük xidmətlər göstərən əfsanəvi partizan Əhmədiyyə Cəbrayılov xalqımızın qəhrəmanlıq ənənələrini ölkəmizin hüdudlarından uzaqlarda layiqincə yaşadıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir İkinci Dünya müharibəsinin əfsanəvi qəhrəmanı Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illiyi münasibətilə Şəki Regional Mədəniyyət İdarəsinin avqustun 21-də təşkil etdiyi videokonfransda səsləndirilib.
Konfransda idarənin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin rəhbərləri və qəhrəmanın oğlu Cavanşir Cəbrayılov iştirak ediblər.
Onlayn formatda keçirilən konfransı Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Mirvari Zeynalova açaraq, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə Prezident İlham Əliyev tərəfindən avqustun 11-də xüsusi Sərəncam imzalandığını diqqətə çatdırıb. Bildirilib ki, xalqımızın qəhrəman oğul və qızları İkinci Dünya müharibəsində fəal iştirak edərək, faşizm üzərində qələbənin əldə olunmasında böyük rol oynayıblar. Həzi Aslanov, Mehdi Hüseynzadə, Əhmədiyyə Cəbrayılov və yüzlərlə azərbaycanlı döyüşçünün müharibədəki qəhrəmanlığı barədə həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda xeyli məlumatlar yer alıb. İkinci Dünya müharibəsinin iştirakçısı olmuş Əhmədiyyə Cəbrayılov Fransa Müqavimət hərəkatının tanınmış nümayəndələrindən biri olub. O, “Armed Mişel”, “Xarqo” və başqa adlarla Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak edib, bu ölkənin yüksək mükafatları, orden və medalları ilə təltif olunub. Onun qəhrəmanlığı dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilib.
Konfransda əfsanəvi partizanın oğlu Cavanşir Cəbrayılov çıxış edərək, atasının həyatı, müharibədə, həmçinin müqavimət hərəkatında göstərdiyi igidlik, bir sıra fransız şəhərlərinin azad olunmasında iştirakı, Parisin azad olunması münasibətilə keçirilən mitinqdə bütün sovet əsgərlərinin adından çıxış etməsi, müharibədən sonrakı illərdə Fransa Prezidenti Şarl de Qolla, partizan dostları ilə görüşməsi və digər maraqlı faktlar barədə danışıb.