“Virtual məktəb”də dərslərlə yanaşı müxtəlif layihələr də uğurla həyata keçirilir
Bakı, 14 dekabr, AZƏRTAC
Bu ilin mart ayının əvvəlindən başlayaraq koronavirus (COVID-19) pandemiyası səbəbindən ölkəmizdəki sanitar-epidemioloji vəziyyətlə əlaqədar təhsil müəssisələrinin fəaliyyətində müvəqqəti fasilə yaransa da, həyata keçirilən operativ tədbirlər nəticəsində tədris prosesi onlayn formatda davam etdirilib. Dünyanı bürüyən pandemiyanın ilk günlərində hər kəsi daha çox bir sual düşündürürdü. Məktəblərdə tədris necə təşkil ediləcək? Cəmiyyətimiz yaranmış reallıqda təhsil sisteminin hansı addımlar atacağını gözləyirdi. Çünki dünya pandemiyaya hazır deyildi. Lakin dövlətimiz tərəfindən bütün sahələrdə olduğu kimi təhsil istiqamətində də çevik qərarlar verildi. Belə ki, “Teledərslər” vasitəsilə ölkənin ən təcrübəli müəllimləri tərəfindən bütün sinifləri əhatə edən dərslər hazırlandı və bu layihə çox uğurla davam edir. Daha sonra qısa zamanda Təhsil Nazirliyi tərəfindən “Microsoft Teams” platforması üzərindən həyata keçirilən “Virtual məktəb” layihəsi təhsil ictimaiyyətinə təqdim edildi. Artıq ölkənin ən iri milli onlayn platforması olan “Virtual məktəb”in əhatə dairəsi genişlənməkdədir. Belə ki, bu il noyabrın 29-dan dekabrın 4-dək platformada qeydiyyatdan keçmiş şagirdlərin sayı 1 milyon 348 min 405, müəllimlərin sayı 125 min 688, fəal istifadəçi sayı 972 min 867, müvafiq həftə ərzində platformada keçirilmiş dərslərin sayı 5 milyon 731 min 300 təşkil edib. Bu sahədə Azərbaycan bir çox iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdən öndədir. “Virtual məktəb”də təkcə dərslər deyil, Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən həyata keçirilən müxtəlif layihələr də çox uğurla həyata keçirilir. Nazirlər Kabineti “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” qərar qəbul edib. Bildiyimiz kimi, xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il noyabrın 2-dən tədris və təlim-tərbiyə prosesi distant formada təşkil olunur. Distant dərslər iki istiqamətdə - Təhsil Nazirliyinin təşkil etdiyi və “Mədəniyyət” kanalında yayımlanan teledərslər və “Virtual məktəb” layihəsi vasitəsilə həyata keçirilir. Biz də fəaliyyətimizi Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin müvafiq qərar və əmrlərindən irəli gələn məsələlərin icrasının təmin edilməsi barədə BŞTİ-nin bununla bağlı əmr və göstərişlərinə uyğun qururuq.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Bakı şəhəri 76 nömrəli tam orta məktəbin direktoru Nəsimi Quliyev söyləyib.
“Hazırda məktəbimizdə bütün siniflər üzrə dərslərin tədrisi distant formada aparılır. Bu sahədə ötən dövr ərzində irəliyə doğru xeyli məsafə qət etmişik. Məktəbimizin müəllim və şagird heyəti dərs ilinin əvvəlindən “Microsoft Teams” proqramından istifadə etməyə başlayıb. Əvvəllər müəyyən çətinliklər olsa da, İKT bacarıqları üstün olan müəllimlərin köməyi nəticəsində bu gün müəllimlərimiz "Virtual məktəb” platformasından istifadə edir və qarşılıqlı əməkdaşlığa cəlb olunur. Təhsil Nazirliyinin və BŞTİ-nin təşkilatçılığı ilə keçirilən təlimlərdən müəllimlərimiz daha çox faydalanıblar. Keçirilən dərslər bu gün həm kəmiyyət, həm də keyfiyyət baxımından xeyli yaxşılaşıb. Məktəb rəhbərliyi tərəfindən gündəlik dərslərə nəzarət olunur. Yaranmış problemlərin dərhal aradan qaldırılması üçün işlər görülür. Artıq “Virtual məktəb”in imkanlarından daha səmərəli istifadə edən müəllim və şagirdlər müxtəlif layihələri də bu platforma üzərindən həyata keçirirlər. Belə ki, təhsil nazirinin müvafiq əmri ilə təsdiq olunmuş “Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” Fəaliyyət Planının icrası bu gün məktəbimizdə “Virtual məktəb” üzərindən çox uğurla həyata keçirilir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Qarabağda qazandığı tarixi Qələbə haqqında onlayn dərslər keçirilir, şagird təqdimatları nümayiş olunur. Şagirdlərimiz Bakı məktəbliləri arasında distant formada keçirilən “Gənc istedadlar” breyn-rinq bilik yarışında da çox uğurla çıxış ediblər. Bundan başqa BŞTİ-nin müvafiq əmrləri ilə onlayn formada təşkil olunacaq “Qarabağ Azərbaycandır” intellektual müsabiqəyə, Lütfi Zadə adına Məktəblilərarası V Məntiq Olimpiadasına və “Nə? Harada? Nə zaman?” oyunu üzrə onlayn respublika çempionatına məktəbimizdə də hazırlıq işləri gedir. Ümid edirik ki, şagirdlərimiz bu müsabiqələrdə də uğurla çıxış edəcəklər”, - deyə N.Quliyev fikrini yekunlaşdırıb.