Volodimir Zelenski: Ukrayna cəbhəsindəki vəziyyət böhranlı deyil
Kiyev, 14 dekabr, AZƏRTAC
Ukrayna cəbhəsindəki vəziyyət böhranlı deyil. Lakin qış dövründə həm hücum, həm də müdafiə xarakterli əməliyyatlar səngiyir, buna görə də, indi işğalçıların qarşısını almaq vacib məsələdir.
AZƏRTAC xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Şimali Avropa Ölkələri Sammitinin iştirakçıları ilə keçirilən mətbuat konfransında bəyan edib.
Zelenski qeyd edib ki, rusiyalılar bu il cəbhədə heç bir qələbəyə nail ola bilməyiblər. Prezidentin sözlərinə görə, hazırda Ukrayna üçün ən vacib məsələ işğalçıların qarşısının alınmasından ibarətdir.
“Qışda bir çox səbəblərə görə hər şey yavaşlayır, söhbət əlbəttə ki, ölkənin şərq hissəsinin müdafiəsindən gedir, çünki Rusiya qoşunlarının əksər hissəsi məhz orada cəmləşib. Onlar orada çoxlu sayda hücum cəhdləri ediblər, lakin ötən il həmin ərazidə “vaqnerçilər”dən ibarət qruplaşma məhv edilib. İndi onlar oraya özlərinin çoxlu sayda hərbi qüvvələrini cəmləyiblər. Söhbət yüz minlərlə hərbçidən gedir”, - deyə Ukrayna Prezidenti vurğulayıb.
Zelenski onu da əlavə edib ki, Ukrayna dənizdə də uğura imza atıb və bunun sayəsində Rusiyanın blokadasından qurtulmaq mümkün olub.
“Qələbəyə gəldikdə isə, hamı dənizdə əldə etdiyimiz böyük nailiyyətdən danışır, biz həqiqətən bu uğuru qazanmışıq. Qara dəniz blokadası darmadağın edilib, Rusiyanın hərbi donanması Qara dənizdən çıxarılıb, bu, həqiqətən də nailiyyətdir. Növbəti əməliyyatlara hazırlaşmaq lazımdır”, - deyə Volodimir Zelenski bildirib.
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev