Vyanada “Əli və Nino” romanı və onun müəllifi barədə mühazirə axşamı keçirilib
Vyana, 26 yanvar, AZƏRTAC
Vyanada fəaliyyət göstərən “Mimoza” Qadınlar Forumunun təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatında özünəməxsus yerə malik, müxtəlif imzalar altında bənzərsiz əsərlər yaratmış Məhəmməd Əsəd bəyin (Qurban Səid) həyat və yaradıcılığına həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, yeddi yüzdən çox üzvü öz sıralarında birləşdirən forum mütəmadi olaraq ədəbiyyat, incəsənət və mədəniyyətin müxtəlif sahələrinə dair mühazirələr keçirir. Qurban Səidlə bağlı axşamda məruzəçi qismində Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan dili kurslarının müəllimi, Məhəmməd Əsəd bəy mövzusunda Vyana Universitetində doktorluq dissertasiyası müdafiə etmiş Yaqut Abdalla çıxış edib.
Y.Abdalla məruzədə Azərbaycan haqqında ümumi məlumat verib, ötən əsrin əvvəllərində Azərbaycandakı ictimai-siyası və ədəbi mühit barədə danışıb, sonra isə yazıçının ziddiyyətlərlə dolu həyat və yaradıcılıq yoluna, onu geniş oxucu kütləsinə tanıdan əsərlərinə nəzər salınıb. Qeyd edilib ki, ilk dəfə 1937-ci ildə Vyanada Qurban Səid təxəllüsü ilə nəşr olunan “Əli və Nino“ romanı qısa müddətdə almandilli məkanda və eləcə də bir sıra Avropa ölkələrində bestsellerə çevrilir, 30-dan artıq dilə tərcümə edilib.
Bu romanı Qurban Səid təxəllüsü altında nəşr etdirən Məhəmməd Əsəd bəy (əsl adı: Lev Nussembaum) və Elfride fon Ehrenfels-Bodmershofun ədəbi əməkdaşlığına nəzər salan məruzəçi, həmçinin Məhəmməd Əsəd bəyin Bakıdakı uşaqlıq dövrü, Almaniyadakı həyatı (1921-1932) və xüsusilə ədəbi fəaliyyətinin zirvəsini təşkil edən Vyana dövrü (1932-1938) haqqında ətraflı məlumat verib. Bildirilib ki, Vyananın ədəbi mühitilə yaxından tanış olan və ədəbi əlaqələr quran yazıçı burada on kitabını nəşr etdirib. Onu yazıçı kimi dünyaya tanıdan “Əli və Nino” və “Körfəzli qız” romanları da bu şəhərdə ilk dəfə işıq üzü görüblər.
Məruzədən sonra Y.Abdalla dinləyiciləri maraqlandıran suallara cavab verib.
Tədbir zamanı “Əli və Nino” romanından parçalar oxunub, əsərin mahiyyəti barədə fikir mübadiləsi aparılıb.
Vyana