Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində avstriyalı rəssamın sərgisi açılmışdır VİDEO
Vyana, 5 fevral (AZƏRTAC). Fevralın 4-də Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində avstriyalı qrafikaçı-rəssam, Diter Yozefin sərgisi açılmışdır.
Azərbaycanın böyük dostu, tarixçi və şərqşünas alim Erix Fayqlın xatirəsinə həsr olunmuş sərginin açılışında Vyanadakı diplomatik korpusun nümayəndələri, dövlət və hökumət nümayəndələri, avstriyalı incəsənət həvəskarları və basma qrafikası (litoqrafiya) üzrə mütəxəssislər iştirak etmişlər.
Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova tədbiri açaraq, Diter Yozefin təkcə Avstriya və Avropada deyil, Azərbaycanda da qrafikaçı-rəssam kimi tanındığını qeyd etmişdir. Bildirilmişdir ki, yaxın dostu Erix Fayql vasitəsilə Azərbaycan barədə maraqlanmağa başlayan Diter Yozef bir neçə dəfə ölkəmizdə səfərdə olmuşdur. 2008-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında onun fərdi sərgisi açılmış və rəssam burada təhsil alan tələbələrə iki həftəlik ustad dərsləri keçmişdir. Həmin səfərin nəticəsi olaraq D.Yozef Azərbaycan mövzusunda bir neçə əsər yaratmışdır. Bu əsərlər ilk dəfə olaraq Mədəniyyət Mərkəzində təşkil edilmiş sərgidə nümayiş etdirilmişdir.
Avstriya Xarici İşlər Nazirliyinin mədəniyyət siyasəti departamentinin aparıcı mütəxəssisi Barbara Lee-Ştörk qrafikaçı-rəssamın yaradıcılığının xüsusiyyətləri, istifadə etdiyi rəng və üslub texnikaları, mövzu zənginliyi barədə danışmışdır. Bildirilmişdir ki, D.Yozef xarakter etibarilə səyahəti sevən sənətçidir və dünyanın ayrı-ayrı ölkələrində fotoaparatının yaddaşına köçürdüyü fotoları müxtəlif təbəqəli rənglərlə maraqlı formalara salmaq onu digər qrafikaçılardan fərqləndirir. Səyahətə və fərqli mədəniyyətlərə marağı onu Azərbaycana da aparıb çıxarmışdır və sərgidəki gözəl incəsənət nümunələrindən bir neçəsinin mövzusu ölkəmiz haqqındadır.
Mərasimdə Diter Yozef çıxış edərək sərginin keçirilməsinə göstərilən təşəbbüs və dəstəyə görə Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirmişdir. O demişdir ki, 2008-ci ildə Bakıda keçirilmiş sərgisində mövzu baxımından oxşar kompozisiyalarını sənətsevərlərə təqdim etmişdir. Bu gün Vyanada keçirilən sərgi bir növ Bakıdakı sərginin davamı sayıla bilər və tamaşaçıların sərəncamına verilən bu sərgi Azərbaycan mövzusunda yeni əsərlərlə zənginləşmişdir.
Sərgidə Ayzenştadt Yozef Haydn Konservatoriyasının tələbəsi Müşfiq Quliyev Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət musiqi proqramı ilə çıxış etmişdir.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana