REGİONLAR
Xaçmazda “Yeni doğulmuş qız övladları üçün qutu” layihəsi icra olunub
Bakı, 4 noyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Dəstək Mərkəzi gender əsaslı cins seçiminin qarşısının alınması məqsədilə “Yeni doğulmuş qız övladları üçün qutu” layihəsini bu dəfə Xaçmaz rayonunda həyata keçirib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, layihə çərçivəsində rayonda yeni doğulmuş (cari ilin avqust ayında) qız övladları olan 30 ailəyə içərisində körpə uşaqlar üçün ləvazimatlar, gigiyenik vasitələr, geyim dəsti, uşağa qulluq və onun ilkin tərbiyəsi ilə bağlı maarifləndirici təlimat olan qutu təqdim olunub.
Məqsəd uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasının stimullaşdırılması, qız uşaqlarının doğulduğu ailələrə dəstək göstərilməsidir.
Layihə bundan əvvəl Şamaxı, Tovuz, Masallı, Tərtər, Sabirabad, Qusar, Salyan, Biləsuvar və Ağsu rayonlarında uğurla icra edilib. Layihənin mərhələli olaraq digər rayonlarda da keçirilməsi planlaşdırılır.