Xaçmazın ümumtəhsil məktəblərinin psixoloq və pedaqoqları təlimlərə cəlb olunub
Xaçmaz, 8 yanvar, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonu ümumtəhsil məktəblərində çalışan psixoloq və pedaqoqlar təlimlərə cəlb olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, maarifləndirmə təlimləri Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin fərdi kateqoriya üzrə qalibi olan “Bullinqə qarşı əl-ələ” layihəsi çərçivəsində təşkil edilib.
Təlimlərə Xaçmaz rayonunun Yalama, Çarxı, Mürşüdoba, Qaradağlı kənd tam orta, Bayoba, Mehrəliqışlaq, Qobuqırağı kənd ümumi orta və Xaçmaz şəhər 5 və 9 saylı tam orta məktəblərində çalışan 16 müəllim və psixoloq qatılıb.
Layihə rəhbəri, Xaçmaz rayonu Qaradağlı kənd tam orta məktəbinin psixoloqu Gülnaz Gümşüdlü bildirib ki, təlimlərin təşkilində məqsəd son dövrlərin aktual probleminə çevrilmiş bullinq və onun fəsadları, qarşısının alınması ilə bağlı məktəb kollektivlərini maarifləndirməkdir.
Bundan əvvəl keçirilən təlimlərdə rayon məktəblərində çalışan 33 nəfər pedaqoq və psixoloq iştirak edib.
Layihə COVID-19 pandemiyasının qarşısının alınması məqsədilə elan edilmiş karantin qaydalarına uyğun olaraq Microsoft Teams platforması üzərindən distant qaydada icra olunur.
Təlimlərdə iştirakçılar təlimçi Ramin Mahmudovun təqdimatında “Bullinq və onun mahiyyəti”, “Bullinqin növləri və formaları”, “Bullinqin qarşısının alınması yolları” mövzularında maarifləndiriliblər.
Təlimlərin sonunda iştirakçılar layihə çərçivəsində hazırlanan sertifikatlar, buklet və bullinqə dair məlumat materialları ilə təmin olunublar.
Şagirdlərin sağlam sosial-emosional-psixoloji mühitdə yetişməsi üçün pedaqoji kollektivin maarifləndirilməsinə dəstək vermək məqsədilə icra olunan layihə martın 15-dək davam edəcək.