RƏSMİ XRONİKA
XALQ YAZIÇISI İSA HÜSEYNOVA
Hörmətli İsa müəllim!
Sizi - müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini 80 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm.
Siz bədii söz sənətimizin dəyərli nümunələri olan əsərlərinizlə respublikamızda ədəbi-mədəni mühitin inkişafına sanballı töhfələr vermisiniz. Altmış ilə yaxın bir dövrü əhatə edən səmərəli yazıçılıq fəaliyyətiniz ədəbiyyatımızın zəngin ənənələrinin qorunub saxlanması və yaşadılması naminə xidmətin parlaq ifadəsidir. Xalqımızın yaxın-uzaq keçmişinin mənzərələrini dəqiq, inandırıcı boyalarla dolğun əks etdirən povest və romanlarınız ədəbiyyatımızın yeniləşməsində mühüm rol oynamışdır.
Dərin ictimai, tarixi-fəlsəfi məzmunu və əsl vətəndaşlıq mövqeyi ilə səciyyələnən yaradıcılığınız Azərbaycan oxucusunun bədii zövqünün formalaşmasına mühüm təsir göstərmişdir. Sizin yazı üslubunuzda doğma dilimizin poetik imkanları bütün canlılığı və təbiiliyi ilə özünü büruzə verir.
Ssenariləriniz əsasında çəkilən, xalqımızın yetirdiyi Nizami Gəncəvi, İmadəddin Nəsimi və digər qüdrətli şəxsiyyətlərin ömür yolunu canlandıran bədii filmlər tamaşaçılar tərəfindən həmişə böyük rəğbətlə qarşılanmış, mütəxəssislərin yüksək qiymətinə layiq görülmüş və milli kino xəzinəsinə daxil olmuşdur.
Siz əzmlə yazıb-yaradaraq ədəbiyyatımızın zənginləşməsi yolunda xidmətlərinizi əsirgəmirsiniz. İnanıram ki, gənc nəsil bədii fikir tariximizdə özünəməxsus yer tutan yaradıcılığınızdan milli-mənəvi dəyərlərə bağlılıq və əxlaqi saflıq mənbəyi kimi bundan sonra da çox faydalanacaqdır.
Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 iyun 2008-ci il.