XANIM SYUZAN MÜBARƏK XIRDALAN MƏKTƏBLİLƏRİNİ ÖLKƏSİNDƏ TƏHSİL ALMAĞA DƏVƏT EDİR
AZƏRTAC xəbər verir ki, Misirin birinci xanımı Syuzan Mübarək sentyabrın 26-da Xırdalan şəhərində onun adını daşıyan 9 nömrəli ərəbtəmayüllü orta məktəbdə olmuşdur.
Misirin birinci xanımını burada gül-çiçəklə qarşıladıalr. Özülü 2006-cı il sentyabrın 12-də Prezident İlham Əliyev tərəfindən qoyulan məktəbdə şagirdlərə yüksək səviyyədə ərəb dili öyrədilir. Syuzan Mübarək 500 şagird yeri və hər cür şəraiti olan məktəbin binası ilə tanış oldu. Misirin birinci xanımını salamlayan birinci sinif şagirdləri ərəb dilində şeirlər oxudular.
Syuzan Mübarək məktəbin Heydər Əliyev muzeyi ilə tanış oldu, burada yaradılan Misir-Azərbaycan dostluq guşəsi ilə maraqlandı. Məlumat verildi ki, burada şagirdlərə həftədə 3 saat Heydər Əliyev və 3 saat Hüsni Mübarəkin irsi öyrədilir.
Syuzan Mübarək onun adını daşıyan bu təhsil ocağında olmasından böyük fərəh hissi duyduğunu deyərək, ölkəsində də Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adını daşıyacaq məktəbin inşa olunacağını söylədi. Misirin birinci xanımı dedi ki, bu təhsil ocağı ölkələrimiz arasında əlaqələrin daha da inkişafına təkan verəcəkdir. Azərbaycanı Misirlə sıx dostluq və qardaşlıq telləri bağlayır. Bu münasibətlərin təməli iki dahi şəxsiyyət - Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Misir Prezidenti Hüsni Mübarək tərəfindən qoyulmuşdur.
Syuzan Mübarək məktəbin konfrans salonunda şagirdlərlə səmimi söhbət etdi. Azərbaycana səfərinin məqsədindən danışan Misirin birinci xanımı burada gördüklərindən qürur hissi keçirdiyini söylədi. Misirin birinci xanımı dedi ki, Azərbaycanda olduğum müddətdə ölkənizin tərəqqisinin şahidi oldum. Bu gün Misir Azərbaycan kimi çiçəklənən respublikadır. Məktəbin şagird heyətini təhsil almaq üçün Misirə dəvət edən Syuzan Mübarək bunun ölkələrimiz arasında əlaqələrin inkişafında mühüm rol oynayacağını söylədi.
Syuzan Mübarək bildirdi ki, Xırdalan şəhərindəki Qalubiyyə küçəsi, Misir-Azərbaycan dostluq parkını, mənim adımı daşıyan məktəbi görəndə böyük fəxr hissi keçirdim. İstərdim ki, Azərbaycan ilə Misir arasında mövcud əlaqələr daha da dərinləşsin.
Sonda Misirin birinci xanımına xatirə hədiyyələri təqdim olundu.
######
