“Xarıbülbül” komandası “Klub-14” oyunlarının qalibi olub
Moskva, 21 oktyabr, AZƏRTAC
XTNS-də fəaliyyət göstərən “Azərbaycan” pavilyonunda “MBA-Moskva” bankının dəstəyi ilə Azərbaycanın Müstəqilliyinin Bərpasının 33-cü ildönümünə həsr olunmuş “Klub-14” intellektual oyunları üzrə payız çempionatı keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışda Moskvanın gənclər hərəkatlarını, ictimai təşkilatları, korporasiyaları, dövlət, təhsil və mədəniyyət müəssisələrini təmsil edən iyirmi komanda əsas mükafat uğrunda mübarizə aparıb.
Oyunun qalibi “İlk addımı at” xeyriyyə təşkilatını təmsil edən “Xarıbülbül” komandası olub. İkinci və üçüncü yerləri MDBMİ-nin və Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin “Həmkarlar: Çat Moskva” komandaları, həmçinin 4G adlı komanda tutub.
Çempionatın qaliblərinə XTNS-dəki “Azərbaycan” pavilyonu və “MBA-Moskva” bankı adından qiymətli hədiyyələr, həmçinin super mükafat və büllur kubok təqdim olunub.
Turnirdə ilk dəfə XTNS-in milli pavilyonlarının komandaları iştirak ediblər.
“Klub – 14” XTNS-dəki “Azərbaycan” pavilyonunun divarları arasında həyata keçirilən ilk intellektual layihədir. Birinci turnir 2024-cü ilin yazında baş tutub. Oyunlarda müxtəlif yaş kateqoriyalarından olan 100-ə yaxın insan iştirak edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva