XARİCİ İŞLƏR NAZİRLİYİNDƏ GÖRÜŞ
Qonaq Azərbaycanda hərbi sahədə həyata keçirilən islahatları yüksək qiymətləndirmiş, ölkəmizin artıq NATO standartlarına yaxınlaşdığını bildirmişdir. O, NATO-nun yalnız hərbi təşkilat deyil, həm də siyasi elementləri özündə birləşdirdiyini vurğulayaraq, bu istiqamətlərdə həyata keçirilən tədbirləri diqqətəlayiq hesab etmişdir.
Nazir E.Məmmədyarov müdafiə sahəsində həlledici irəliləyişlərin olduğunu qeyd etmişdir.
Azərbaycandakı inkişafı yüksək qiymətləndirən C.MakDuqal, müdafiə sahəsində bərabər tərəfdaşlıq münasibətlərinin əhəmiyyətini önə çəkmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların vəziyyəti ilə maraqlanmışdır.
Bu istiqamətdə aparılan danışıqların əsas elementləri barədə məlumat verən E.Məmmədyarov, ilk növbədə, erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması, daha sonra qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qaytarılması və təhlükəsizliyin təmin olunması, infrastruktur və kommunikasiyaların bərpasının zəruriliyini bildirmişdir.
İşğal olunmuş ərazilərdə ermənilərin törətdiyi yanğınların aradan qaldırılması istiqamətində beynəlxalq ekspertlər tərəfindən aparılacaq ekoloji araşdırmaların mühüm əhəmiyyət daşıdığını bildirən nazir, həmçinin ATƏT, BMT və digər qurumlardan ekspertlər göndəriləcəyini də diqqətə çatdırmışdır.
Regionda həyata keçirilən irimiqyaslı layihələrin, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin artıq reallaşdığını, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tamamlanmaq üzrə olduğunu və Bakı-Tbilisi-Axalkalaki-Qars dəmir yolunun çəkilişi ilə bağlı intensiv iş aparıldığını bildirən nazir, təcavüzkar siyasəti ucbatından Ermənistanın bu layihələrdən kənarda qaldığını nəzərə çatdırmışdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.