XARİCİ İŞLƏR NAZİRLİYİNİN DİPLOMATİK AKADEMİYASI İLK MÜHAZİRƏSİNİ TƏŞKİL ETMİŞDİR
Xarici işlər nazirinin müavini, Diplomatik Akademiyanın rektoru Hafiz Paşayev bildirmişdir ki, akademiyanın ilk tədbirində ABŞ-ın Con Hopkins Universiteti Mərkəzi Asiya-Qafqaz İnstitutunun rəhbəri, professor S.Frederik Star və həmin institutun elmi araşdırmalar üzrə direktoru, doktor Svante Kornell mövzu ilə bağlı mühazirələr oxuyacaqlar.
Birləşmiş Ştatlarda Azərbaycanın səfiri vəzifəsində işlədiyi müddətdə dəfələrlə Con Hopkins Universitetində mühazirə oxuduğunu xatırladan H.Paşayev, təhsil ocağının Mərkəzi Asiya-Qafqaz İnstitutunun bölgə ilə bağlı dərin və maraqlı təhlillər apardığını bildirmişdir. O demişdir ki, ümummilli liderimiz Heydər Əliyev müxtəlif vaxtlarda iki dəfə Con Hopkins Universitetində müəllim və tələbələr qarşısında çıxış etmişdir.
Professor S.Frederik Star təmsil etdiyi institut haqqında məlumat verərək bildirmişdir ki, Mərkəzi Asiya Araşdırmaları İnstitutunun adı səfir Hafiz Paşayevin təklifi ilə dəyişdirilərək Mərkəzi Asiya-Qafqaz İnstitutu adlandırılmışdır.
Azərbaycanda Diplomatik Akademiyanın yaradılmasını yüksək qiymətləndirən S.Frederik Star, bu işdə H.Paşayevə uğurlar arzulamışdır.
Alim Birləşmiş Ştatların Cənubi Qafqaz, o cümlədən Azərbaycan siyasətinin tarixindən danışmış, ABŞ-Azərbaycan əlaqələrinin hazırkı vəziyyətini qeyd etmişdir.
Avropanın xarici siyasətində Cənubi Qafqazın yeri, Avropa İttifaqı-Azərbaycan əlaqələrindən söz açan doktor Svante Kornell, regionda gedən proseslər, Cənubi Qafqaz ölkələrinin xarici siyasətindən danışmışdır. O demişdir ki, Ermənistandan fərqli olaraq, Azərbaycan və Gürcüstan Qərb ilə inteqrasiyaya daha çox üstünlük verirlər. Beynəlxalq birlik Ermənistana düzgün yol seçməkdə təsir göstərməlidir.
Azərbaycanın xarici siyasətinin başqa ölkələr üçün nümunə ola biləcəyini vurğulayan S.Kornell demişdir ki, aparılan düzgün siyasət nəticəsində hazırda Azərbaycan regional məsələlərdə obyekt deyil, subyekt kimi çıxış edir. Bunu Cənubi Qafqazın digər ölkələrinə aid etmək mümkün deyildir.