Xətai rayonunda qanunvericiliyin tələblərini pozan ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
Bakı, 23 dekabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin qorunması və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Bakının Xətai rayonunda S.Mehmandarov prospekti, 94 ünvanında fiziki şəxs Nəsibov Amil Mübariz oğluna məxsus “Gürcü” təndir evində yoxlama aparılıb.
Yoxlama zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən olunub. Müəssisədə qutabın hazırlanmasında istifadə olunan xammalların keyfiyyət və təhlükəsizliyini təsdiqləyən sənədlərin təqdim edilmədiyi, soyuducularda məhsulların saxlanılması zamanı mal qonşuluğu prinsipinə riayət olunmadığı, istifadə edilən alət və avadanlıqların təmizlənməsi, dezinfeksiyası və saxlanılması üçün isti və soyuq su ilə təchiz olunmuş yuma sahələrinin yoxluğu, pəncərələrin zərərvericilərə qarşı qoruyucu torla örtülmədiyi, işçilərin gigiyena qaydalarını gözləmədiyi və onların xüsusi geyimlə və fərdi mühafizə vasitələri ilə təmin edilmədiyi aşkarlanıb.
Həmin faktlarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.