Xilasedicilər köməksiz vəziyyətdə qalmış 22 nəfəri təxliyə ediblər - YENİLƏNİB
Xızı, 19 iyun, Elxan Yusifli, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi Xızı rayonunun Ağdərə kəndində intensiv yağan yağışların əmələ gətirdiyi sel suları nəticəsində yararsız vəziyyətə düşmüş avtomobil yolunda avtobusda köməksiz vəziyyətdə qalmış bir qrup sərnişinin təxliyəsi barədə məlumat yayıb.
Nazirlikdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, sərnişinlərin təxliyəsi məqsədilə FHN-in Mülki müdafiə qoşunları və Sumqayıt Regional Mərkəzinin qüvvələri, o cümlədən həkim briqadası əraziyə cəlb olunub.
Yararsız vəziyyətə düşmüş və çətin keçilən yolla xüsusi təyinatlı texnika vasitəsilə əraziyə çatan FHN-in xilasediciləri köməksiz vəziyyətdə qalmış 1-i uşaq və 14-ü qadın olmaqla, 22 nəfər vətəndaşı təxliyə edib, həmçinin ehtiyacı olan şəxslərə ilk tibbi yardım göstərilib. Təxliyə olunmuş vətəndaşlar Sumqayıt Regional Mərkəzinin inzibati ərazisinə gətirilib, daha sonra müvafiq olaraq yaşayış ünvanlarına yola salınıblar.
10:35
İyunun 18-də Xızının ucqar Ağdərə kəndi yaxınlığında avtobusda köməksiz vəziyyətdə qalan 24 sərnişin Seyid Bahdur pirini ziyarətə gedənlədir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, həmin pir Xızının ucqar Gimçi kəndi yaxınlığında yerləşir.
Bakı şəhərindən həmin piri ziyarətə gedən şəxslər paytaxta qayıdan zaman yağışların əmələ gətirdiyi sel suları nəticəsində avtomobil yolunun yararsız vəziyyətə düşməsi nəticəsində köməksiz vəziyyətdə qalıblar.
Əraziyə FHN-in Mülki müdafiə qoşunları və Sumqayıt Regional Mərkəzinin qüvvələri, o cümlədən həkim briqadası cəlb olunub.
Yerli sakinlərin AZƏRTAC-ın bölgə müxbirinə verdiyi məlumata görə, avtobusda köməksiz vəziyyətdə qalan sərnişinlər artıq FHN-in xilasediciləri tərəfindən təxliyə olunaraq Bakı şəhərinə aparılıblar.