Xırdalan şəhər 4 saylı tam orta məktəbdə “Son zəng” səsləndi
Xırdalan, 14 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
Ölkəmizin hər yerində olduğu kimi, Abşeron rayonunda fəaliyyət göstərən tam orta məktəb məzunları üçün də “Son zəng” çalınıb. Xırdalan şəhər 4 saylı tam orta məktəbdə keçirilən “Son zəng” tədbirinə Abşeron Rayon İcra Hakimiyyətinin rəhbərliyi də qatılıb.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Müəllimlər məzunlara uğurlar arzulayıb, sentyabrda məktəbə gedəcək, sinif otaqlarına ilk kövrək addımlarını atacaq birincilərə bilik zirvəsinə mətin addımlarla irəliləməyi tövsiyə ediblər.
Məzunlar onlara dövlət səviyyəsində göstərilən diqqət və qayğıya, müasir tələblərə cavab verən təhsil şəraitinə ali məktəblərə uğurlu imtahan verməklə, əsl vətəndaş kimi yetişməklə cavab verəcəklərini bildiriblər.
Sonda meydan al-əlvan geyinmiş məzunların ixtiyarına verilib. Birincilər məzunları təbrik edib, “Son zəng” səslənib. Sehrli “Bilik açarı”nı şagirdlərə verən məzunlar məktəbə əlvida deyiblər.