Xızı-Altıağac avtomobil yolunun tikintisi yekunlaşır VİDEO
Xızı, 19 may, Elxan Yusifli, AZƏRTAC
Xızı-Altıağac avtomobil yolunun tikintisi bu ilin oktyabr ayında başa çatacaq.
AZƏRTAC xəbər verir ki, dörd min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Xızı-Altıağac yolunun son 3 kilometrində asfalt-beton örtüyünün döşənməsi üçün hazırlıq işləri aparılır. Ümumi uzunluğu 20,5 kilometr olacaq yolun 16 kilometri isə artıq asfaltlanıb. Yola üçqat döşənən asfalt-beton örtüyünün qalınlığı 180 millimetrdir. Yolun tikintisi zamanı müvafiq yerlərdə müxtəlif diametrli 63 suötürücü drenaj boruları qoyulub.
Asfaltlama işləri yekunlaşdıqdan sonra yolun 2016-cı ilin noyabr ayında baş verən torpaq sürüşməsi nəticəsində zərər görən hissəsi də təmir olunacaq. Torpaq sürüşməsi həmin vaxt Xızı-Altıağac avtomobil yolunun 1,5 kilometrlik hissəsinə ciddi ziyan vurub.
Tikintisinə 2013-cü ilin iyun ayında başlanılmış turizm əhəmiyyətli avtomobil yolunun inşasının qarşıdakı 5 ay müddətində başa çatdırılması nəzərdə tutulub.