Xocalı faciəsi qurbanlarının xatirəsi Qarabağ bölgəsində dərin hüznlə anılıb
Tərtər, 26 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Xalqımızın tarixinə qanla yazılan Xocalı faciəsinin iyirmi altıncı ildönümü Qarabağ bölgəsində silsilə tədbirlərlə qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, faciənin ildönümü ilə bağlı müxtəlif tədbirlər, sərgilər, anım mərasimləri keçirilib, Xocalı faciəsi qurbanlarının xatirəsi ehtiramla anılıb.
Faciənin 26-cı ildönümü münasibətilə Tərtər şəhərində yürüş keçirilib. Minlərlə sakinin iştirak etdiyi yürüş Şəhidlər abidəsinədək davam edib. Rayon rəhbərliyi, ağsaqqallar, gənclər, ziyalılar, müharibə veteranları, əmək kollektivlərinin nümayəndələri və Xocalıdan olan məcburi köçkünlər abidə önünə gül dəstələri düzərək faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər. Xocalıda həlak olanların ruhuna dualar oxunub.
Sonra tədbir iştirakçıları məktəblilərin Xocalı faciəsinə həsr etdikləri rəsm sərgisinə baxıblar. Mədəniyyət Mərkəzinin akt zalında keçirilən tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini Ramiz Şabanov bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərində yüzlərlə günahsız dinc əhaliyə, o cümlədən qadın, qoca və uşaqlara qarşı ən qəddar cinayətlər törədiblər. Bu faciə tək xocalılılara qarşı deyil, türk dünyasına, bütün bəşəriyyətə qarşı yönəldilmiş vəhşilik aktıdır.
Qeyd olunub ki, Xocalı faciəsinin canlı şahidi olmuş 11 ailə, 39 nəfər Xocalı sakini hazırda Tərtərin 7 kəndində müvəqqəti məskunlaşıb. Hər bir xocalılıya rayon icra hakimiyyəti tərəfindən böyük diqqət və qayğı göstərilir.
Rayon prokuroru Şıxəli Alməmmədov, Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Suliddin Yusifov, Xocalı sakini Aslan Cabbarov, “Xocalı qan yaddaşımızdır” mövzusunda rayon məktəbliləri arasında keçirilən inşa yazı müsabiqəsinin qalibi, şəhər 6 nömrəli tam orta məktəbin şagirdi Nilufər Hüseynzadə çıxış edərək Xocalı faciəsinin dəhşətlərindən danışıb, erməni silahlı dəstələri tərəfindən soydaşlarımıza qarşı törədilən bu soyqırımı zamanı dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirildiyini, əsirlərin isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını diqqətə çatdırıblar.
Anım mərasimində “Xocalım qan yaddaşımdır” mövzusunda rayon məktəbliləri arasında keçirilən inşa yazı müsabiqəsinin qaliblərinə diplom və fəxri fərmanlar verilib, Xocalı soyqırımının dəhşətlərini əks etdirən ədəbi-bədii kompozisiya nümayiş olunub.
Tədbirdən sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonda məskunlaşmış Xocalı sakinləri ilə görüşərək, onların problemləri ilə maraqlanıb. Xocalıdan olan ailələrə ərzaq yardımı verilib.
X X X
Ağdam rayon rəhbərliyi, ziyalılar, ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsi veteranları, N saylı hərbi hissənin əsgər və zabitləri, gənclər və ağsaqqallar əvvəlcə rayonun girişindəki Şəhidlər abidə-kompleksi önünə tər qərənfillər düzərək, Xocalıda həlak olanların ruhuna dualar oxuyublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quzanlı qəsəbəsindəki Ağdam Dövlət Dram Teatrında davam edən tədbir Xocalı faciəsi zamanı şəhid olmuş soydaşlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə erməni silahlı qüvvələri tərəfindən Xocalı şəhərində törədilən qırğının acı nəticələrindən danışılıb. Xocalı sakinləri və xocalılıların xilas edilməsində iştirak etmiş keçmiş döyüşçülər erməni silahlılarının törətdikləri qanlı cinayətlərdən, günahsız insanların başına gətirilən müsibətlərdən bəhs ediblər.
Anım mərasimi Ağdam Dövlət Dram Teatrının Xocalı faciəsi ilə bağlı hazırladığı kompozisiya ilə başa çatıb.
X X X
XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı faciəsi qurbanlarının xatirəsi respublikamızın hər yerində olduğu kimi, Ağcabədi rayonunda da dərin hüznlə anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, faciənin 26-cı ildönümü münasibətilə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, əmək kollektivləri, gənclər, Qarabağ müharibəsi veteranları, “N” saylı hərbi hissənin əsgərləri Şəhidlər xiyabanına gələrək, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının məzarları üstünə tər çiçəklər düzüb. Şəhidlərin ruhuna dualar oxunub.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov anım mərasimində çıxış edərək, erməni silahlı qüvvələri tərəfindən Xocalı şəhərində törədilən qırğından, dinc əhaliyə amansız divan tutulmasından danışıb. Bildirilib ki, Xocalı soyqırımı nəticəsində şəhərin 5379 nəfər əhalisi deportasiyaya məruz qalıb, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın vəhşicəsinə qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1275 nəfər əsir və girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Diqqətə çatdırılıb ki, Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün əsl mahiyyətini və erməni vəhşiliyini bütün çılpaqlığı ilə üzə çıxardı. Günahsız dinc əhalinin, o cümlədən qocaların, qadınların, uşaqların vəhşicəsinə öldürülməsi erməni xislətinin əsl simasını ortaya qoydu.
Ağcabədi rayon mədəniyyət mərkəzində məktəblilərin və “N” saylı hərbi hissənin əsgərlərinin ifasında ədəbi bədii kompozisiya göstərilib.