Xocalı faciəsi şahidinin “Ürəyim vətən istəyir” adlı kitabı təqdim olunub
Ağsu, 21 fevral, AZƏRTAC
Ağsu Rayon Mərkəzi Kitabxanasında əslən Xocalıdan olan Elmira Bağırovanın “Ürəyim vətən istəyir” adlı kitabının təqdimatı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təqdimat mərasimini açan mərkəzi kitabxananın direktoru Cəbrayıl Bədəlov 26 il əvvəl fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən soyqırımından danışıb. C.Bədəlov, eləcə də Xocalı sakini Əmrah Məmmədov, fəal oxucu Eyvaz Bayramov və başqaları Elmira Bağırovanın kitabında Qarabağ, xüsusilə də Xocalı hadisələrindən bəhs edildiyini vurğulayıblar. Qeyd olunub ki, hazırda Ağsu şəhərində məskunlaşan müəllif “Ürəyim vətən istəyir” adlı kitabında şahidi olduğu hadisələri qələmə alıb. E.Bağırova kitabında, habelə torpaq həsrətini poetik misralarla oxucularla bölüşüb.
Təqdimat mərasimində Ağsu şəhər 3 saylı məktəbin şagirdləri Nərmin Məmmədova, Musa Niftaliyev, Vəsilə Mütəllimzadə, Rəvan Abdullazadə, Murad Nəsirov, Nurlan Süleymanov, Ceyhun Əhmədzadə və Zəminə Heydərova şeirlər söyləyiblər.
Sonda müəllif tədbirin təşkilatçılarına minnətdarlığını bildirib, onlara yeni çapdan çıxan nəşrini hədiyyə edib.