Xocalı faciəsi xalqımızın qan yaddaşında əbədi yaşayacaq
Bakı, 23 fevral, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 8 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində Xocalı soyqırımının iyirmi altıncı ildönümü ilə əlaqədar tədbir keçirilib.
“Xocalı harayı” mövzusunda keçirilən tədbir 8 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və “Azərkitab” Kitab Təbliğatı Mərkəzi ilə birgə təşkil olunub.
Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) müdirinin müavini Hüseyn Əsgərov, məktəbdənkənar fəaliyyətin təşkili sektorunun müdiri Afiq Əzizov, “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin layihə rəhbəri Mirisrafil Həsənov, 8 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzin direktoru Misirxan Həsənov, müəllimlər və şagirdlər iştirak ediblər.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə H.Əsgərov qonaqlara tarixin müxtəlif dövrlərində, xüsusilə XX əsrin sonlarında erməni silahlı birləşmələrinin öz havadarlarının köməyi ilə işğal etdiyi Dağlıq Qarabağ ərazisində, o cümlədən Xocalı şəhərində törədilən kütləvi qırğın və soyqırımı ilə bağlı məlumat verib. Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğu və bu faciənin heç zaman unudulmayacağı bildirilib. Xalqımızın başına gətirilən faciələrlə bağlı fikirlərini şagirdlərlə bölüşən H.Əsgərov onları torpaqlarımızın bütövlüyü və azadlığı uğrunda mübarizəyə səsləyib.
Daha sonra şagirdlər Xocalı faciəsinin ağrılarını, düşmənə qarşı nifrət hisslərini vətənpərvərlik ruhunda səsləndirdikləri şeirlər, ədəbi-bədii kompozisiyalar vasitəsilə ifadə ediblər.
Tədbirdə Xocalı faciəsi zamanı törədilən vəhşilikləri əks etdirən videoçarx nümayiş olunub.
Sonda tədbir iştirakçıları 8 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin əl işlərindən ibarət sərgiyə baxıblar.