Xocalı faciəsi yaddaşlardan silinməyəcək
Şərur, 26 fevral, AZƏRTAC
1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütövlükdə insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətdir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Yeni Azərbaycan Partiyası (YAP) Şərur rayon təşkilatının Ərəbyengicə kəndində Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı keçirdiyi anım mərasimində səsləndirilib.
Əvvəlcə faciə qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə YAP Şərur rayon təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev Xocalı qətliamından, erməni vandallarının vəhşiliyindən söz açaraq deyib: “Azərbaycanın müasir tarixində unudulması mümkün olmayan, bütövlükdə xalqın şüuruna dərin iz salaraq onu daim mübarizə ruhuna kökləyən faciəli hadisələr var. Bu hadisələr heç zaman qan yaddaşımızdan silinməyəcək. Erməni faşizminin xislətini, gerçək mahiyyətini açan Xocalı soyqırımı da belə dəhşətli hadisələrdəndir. Xocalı qətliamı, əslində, neçə on illərdən bəri ermənilərin öz havadarlarının dəstəyi ilə azərbaycanlılara qarşı yürütdüyü etnik təmizləmə siyasətinin məntiqi nəticəsidir”.
Əmir Babayev erməni quldur dəstələrinin və sovet ordusuna məxsus 366-cı motoatıcı alayın Xocalının dinc sakinlərini - qocaları, körpələri, qadınları vəhşicəsinə qətlə yetirdiyini bildirib. Qeyd edib ki, Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması, eləcə də, erməni faşizminin ifşası ilə bağlı ilk təşəbbüs dahi şəxsiyyət Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf edir. Bu məqsədlə atılan əsas addımlardan biri də erməni təcavüzü nəticəsində üzləşdiyimiz milli faciələrimizə siyasi-hüquqi qiymətin verilməsi olub. Məhz Ümummilli Liderin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi “Xocalı Soyqırımı günü haqqında” Qərar qəbul edib, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq, beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb.
“Prezident İlham Əliyev də Azərbaycan həqiqətlərinin, o cümlədən ermənilərin Xocalıda törətdikləri vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün məqsədyönlü işlər həyata keçirir”- deyən Əmir Babayev bildirib ki, məhz bu fəaliyyət nəticəsində Kanada, Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya və İordaniyanın parlamentləri Xocalı soyqırımını tanıyıblar.
Tədbirdə çıxış edən YAP Ərəbyengicə kənd ərazi ilk partiya təşkilatının sədri Mirzəli Nəcəfov, kənd tam orta məktəbinin direktoru Valeh Şükürov, inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini Məzahir Əliyev və başqaları bildiriblər ki, bu gün Dağlıq Qarabağ probleminin ədalətli həlli uğrunda Azərbaycan dövlətinin həyata keçirdiyi ardıcıl, prinsipial və qətiyyətli siyasi xətt, ölkəmizin konstruktiv mövqeyi dünya dövlətlərinə yaxşı bəllidir. Problemin sülh və danışıqlar yolu ilə həllinə sadiq qalan Azərbaycan artıq məsələnin hərbi müstəvidə qısa zamanda həlli üçün Ali Baş Komandanın əmrini gözləyən qüdrətli orduya malikdir. Bu isə Azərbaycanın ərazi bütövlüyünün bərpa ediləcəyi günün uzaqda olmadığını göstərir. Məhz həmin gün Xocalı, eləcə də Qarabağ uğrunda həlak olan bütün şəhidlərin ruhu əbədi rahatlıq tapacaq.