Xocalı faciəsində iştirakı olan şəxslər ədalət məhkəməsi qarşısında cavab verməli olacaqlar
Bakı, 26 fevral, AZƏRTAC
“Azərkitab” və 8 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzi Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə “Azərkitab-Kitab Təbliğatı Mərkəzi”ndə anım mərasimi keçirib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə mərasim iştirakçıları “Xocalı harayı” abidəsini ziyarət ediblər.
Anım mərasimindən sonra kitab mərkəzində Xocalı faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, sonra soyqırımına həsr olunan sənədli film nümayiş etdirilib.
“Azərkitab-Kitab Təbliğatı Mərkəzi”nin layihə rəhbəri Mirisrafil Sabir Həsənov Xocalı soyqırımını ermənilərin türklərə qarşı ən amansız qəddarlığı kimi qiymətləndirib.
Bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz qalan Xocalı şəhərini yerlə-yeksan ediblər. Xocalı soyqırımı nəticəsində 613 Xocalı sakini qətlə yetirilib.
Uşaq- Gənclər İnkişaf Mərkəzinin rəhbəri Təranə Aslanova deyib ki, Xocalı faciəsi böyük cinayətdir, cinayət isə cəzasız qalmamalıdır.
Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib. Azərbaycanın Milli Məclisi tərəfindən Xocalı faciəsinin soyqırımı aktı kimi tanınması barədə qərar qəbul edilib.
Çıxışlarda əminliklə vurğulanıb ki, Xocalı faciəsində iştirakı olan şəxslər ədalət məhkəməsi qarşısında cavab verməli olacaqlar.
Uşaqların hazırladıqları ədəbi-bədii kompozisiya Xocalı yarasının ürəklərdə hələ də qaysaqlanmadığını sübut edib.