Xocalı faciəsinə həsr edilmiş fotosərgi nümayiş etdirilib
Bakı, 23 fevral, Zərəngiz Mansurova, AZƏRTAC
Fevralın 23-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində Xocalı faciəsinin 26-cı ildönümünə həsr edilmiş kompozisiya və fotosərgi nümayiş etdirilib.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət və İncəsənət Universitetinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birgə təşkil etdiyi tədbirdə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə muzeyin direktoru, Əməkdar Mədəniyyət İşçisi Sevinc Mikayılova və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “İçərişəhər” tarixi muzeyinin direktor müavini, Əməkdar Mədəniyyət İşçisi Gülnar Əliyeva və başqaları çıxış edərək Xocalı soyqırımına ilk dəfə siyasi qiymətin ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini bildiriblər.
Çıxış edənlər Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılmasının Prezident İlham Əliyevin xarici siyasi kursunda mühüm yer tutduğunu vurğulayıblar. Həmçinin Xocalı soyqırımı ilə bağlı tarixi faktlar barədə beynəlxalq ictimaiyyətin dolğun şəkildə məlumatlandırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlanılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının əhəmiyyətini önə çəkiblər. Qeyd olunub ki, kampaniya çərçivəsində Xocalı soyqırımı ilə bağlı beynəlxalq səviyyədə məqsədyönlü təbliğat tədbirləri həyata keçirilir, Azərbaycanın haqq səsi dünyaya çatdırılır.
Tədbir çərçivəsində gənc aktyor Ümman Budaqovun ifasında yazıçı-publisist Günel Anarqızının “Ataya məktub” hekayəsi əsasında hazırlanmış kompozisiya təqdim edilib. Universitetin tələbələrinin ifasında şeirlər dinlənilib və “İçərişəhər” tarixi muzeyinin hazırladığı “Xocalı” adlı fotosərgi nümayiş olunub.