Xocalı faciəsinə həsr olunan rəsm sərgisi
Bakı, 25 fevral, AZƏRTAC
Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzləri şagirdlərinin rəsm və əl işlərindən ibarət sərgi təşkil edilib.
Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev sərginin Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək, böyüməkdə olan gənc nəslə Azərbaycan tarixi haqqında həqiqətləri çatdırmaq, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və istedadlı şagirdləri aşkara çıxarmaq məqsədilə keçirildiyini söyləyib. İdarə müdiri gənclərimizin ölkəmizin ərazi bütövlüyü uğrunda hər zaman mübarizə aparmağa hazır olduğunu və işğal olunmuş torpaqlarımızın düşmən tapdağından ən yaxın zamanda azad ediləcəyinə əminliyini bildirib.
R.Tağıyev şagirdlərə Azərbaycanın qəhrəmanlıq dolu şanlı tarixi günlərini, qan yaddaşımıza yazılmış faciələrini unutmamağı, hər zaman xatırlamağı tövsiyə edib.
Çıxış edənlər bu soyqırımının Azərbaycan xalqının yaddaşına, tarixinə şanlı qəhrəmanlıq salnamələri ilə yanaşı, həmçinin qanlı fəlakət və faciələrlə yazıldığını vurğulayıblar.
Şagirdlər Xocalı faciəsinin ağrılarını, düşmənə qarşı nifrət hisslərini vətənpərvərlik ruhunda səsləndirdikləri şeirlərdə, ədəbi-bədii kompozisiyalarda ifadə ediblər.
Sonra sərgiyə baxış keçirilib. Sərgidə 150 rəsm əsəri nümayiş olunub.
Rəsmləri çəkən şagirdlər Xocalı faciəsini gözləri ilə görməsələr də, öz müəllimlərindən, dərnək rəhbərlərindən bu faciə ilə bağlı aldıqları məlumatları, təəssüratları uşaq təxəyyülü ilə ağ kağızlara köçürüblər. Rəsmlərdə həmin gecənin dəhşətləri, yüzlərlə insanın al qanına qəltan edilməsi, düşmənin kimsəyə aman verməməsi, kafir erməninin o gecədə ağbirçək anaya, ağsaqqal qocaya, südəmər körpəyə də güllə atması təsvir olunub.