QAN YADDAŞI
Xocalı faciəsinin ildönümü ilə əlaqədar Azərbaycanın İordaniyadakı səfirliyində tədbirlər planı hazırlanmışdır
Bakı, 20 fevral (AZƏRTAC). Fevralın 20-də Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı səfirliyində Xocalı faciəsinin 19-cu ildönümü ilə əlaqədar mətbuat konfransı keçirilmişdir.
Səfir E.Araslı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, Xocalı soyqırımı barədə jurnalistlərə məlumat vermişdir. Bildirilmişdir ki, faciə nəticəsində 613 nəfər xüsusi amansızlıqla qətlə yetirilmiş, yüzlərlə şəxs itkin və didərgin düşmüşdür.
Sonra tədbirdə iştirak edən Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Ş.Sayılov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ölkəmizə dəymiş maddi-mənəvi zərər, əsir, girov və itkinlərin problemləri barədə məlumatlar vermişdir.
Tədbir iştirakçılarına bir neçə dildə hazırlanmış əyani vəsaitlər, o cümlədən kitablar, foto və video materiallar, səfirliyin bəyanatı paylanmışdır.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, Xocalı faciəsinin 19-cu ildönümünün İordaniyada geniş qeyd edilməsi üçün tədbirlər planı hazırlanmışdır. Məqsəd soyqırımı həqiqətlərini İordaniyanın dövlət və hökumət, eləcə də ictimaiyyət nümayəndələrinə çatdırmaqdır. Tədbirlər planında fevralın 20-dən 26-dək İordaniyada Xocalı həftəsi elan edilməsi, səfirliyin xüsusi bəyanatının hazırlanması, mövcud əyani vəsaitlərin çoxaldılaraq paylaması, KİV-lərdə məlumatların yayılması və s. nəzərdə tutulmuşdur. Səfir İordaniya Radio və Televiziya Korporasiyasının baş direktoru ilə görüşmüş, mərkəzi televiziya ilə yayımlanması məqsədi ilə ona disklər və materiallar vermişdir.
İordaniya Senatının sədri, senatorlar, deputatlar, İordaniyanın baş müftisi ilə görüşlər keçirilmişdir. Senatın sədri T.Masrinin himayəsində olan Kral Hüseyn klubunda Xocalı hadisələrinə həsr olunmuş tədbir təşkil olunacaqdır. Klubun zallarında sərgi açılacaq, tədbir iştirakçılarına müxtəlif foto və videomateriallar, kitab və digər çap materialları paylanacaqdır.
İordaniyanın baş müftisi ilə görüşdə səfirin fevralın 25-də Cümə xütbələri zamanı Xocalı faciəsi qurbanlarının xatirəsinin anılması təklifi qarşı tərəfdən razılıqla qarşılanmışdır.
Bundan əlavə, səfirlik İordaniya-Azərbaycan Dostluq Cəmiyyəti ilə birgə tədbir təşkil edəcəkdir. Tədbirdə Cəmiyyətin idarə heyətinin üzvlərinin, Azərbaycan icmasının nümayəndələrinin iştirakı nəzərdə tutulmuşdur. Hər iki tədbirdə hazırda İordaniyada səfərdə olan Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının nümayəndələri çıxış edəcəklər.
######