Xocalı hadisələri xalqımıza mənəvi zərbələr vurub
Bakı, 23 fevral, AZƏRTAC
Fevralın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda Xocalı faciəsinin qurbanları yad edilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu elm müəssisəsinin direktoru, Milli Məclisin deputatı, akademik Gövhər Baxşəliyeva 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələrinin Rusiya ordusunun 366-cı motoatıcı alayının hərbi texnikasının iştirakı ilə Dağlıq Qarabağın azərbaycanlılar yaşayan Xocalı şəhərinin işğalı zamanı törətdikləri görünməmiş vəhşiliklər barədə danışıb. O, hadisələr zamanı dinc və günahsız insanların vəhşicəsinə qətlə yetirildiyini bildirib.
Tədbirdə çıxış edənlər bu faciənin Azərbaycan xalqını sarsıtdığını, Xocalı sakinlərinə sağalmaz yaralar, mənəvi zərbələr vurduğunu vurğulayıblar.