Xocalı qətliamı terrorun Ermənistanın dövlət siyasətinə çevrilməsinin sübutudur
Neftçala-Salyan, 26 fevral, Mahir Babayev, AZƏRTAC
Xocalı soyqırımının 26-cı ildönümü Neftçala, Biləsuvar və Salyanda da dərin hüznlə qeyd olunub, şəhidlərin xatirəsi anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Neftçalada Xocalı soyqırımı ilə bağlı keçirilən anım mərasimi şəhərin mərkəzi meydanında faciə qurbanlarının xatirəsinə ucaldılan abidənin önündən başlanıb. Rayonun yüzlərlə sakini, icra strukturlarının rəhbərləri abidə önünə gül dəstələri düzərək şəhid xocalılıların xatirəsinə ehtiramlarını bildiriblər.
Bu dəhşətli hadisədən 26 il ötsə də, xalqımızın Xocalı yarası hələ də sızıldayır. Qətliamın qurbanlarını anan neftçalalılar təəssüf hissi ilə qeyd ediblər ki, dünya təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı yönəlmiş cinayətə hələ də lazımi reaksiya vermir və bu səbəbdən insanlıq tarixində yeni-yeni faciələr yaşanır.
Sonra rayondakı Heydər Əliyev Mərkəzində məktəblilərin Xocalı qətliamına həsr etdikləri rəsm əsərlərinə baxış olub. Özfəaliyyət kollektivlərinin təqdim etdiyi "Xocalı harayı" adlı ədəbi-bədii kompozisiya mərasim iştirakçılarını bir daha o ağır günlərə qaytarıb.
X X X
Xocalı soyqırımı qurbanlarının xatirəsi Biləsuvardakı Heydər Əliyev Mərkəzində ümumrayon tədbiri ilə anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə mərkəzin foyesində faciədən bəhs edən əl işləri və rəsm əsərlərindən ibarət sərgi nümayiş olunub, faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Xocalı soyqırımı, Ermənistanın xalqımıza qarşı yeritdiyi işğalçılıq siyasəti, zaman-zaman törətdiyi qanlı terror aktları barədə məlumat verib. Bildirilib ki, terror Ermənistanın dövlət siyasətinə çevrilib və Xocalı qətliamı da onun acı nəticələrindən biridir. Xocalı faciəsi qan yaddaşımızdır və bu faciədən bütün dünya ibrət dərsi götürməlidir.
Sonra Xocalı soyqırımına həsr olunan ədəbi-bədii kompozisiya və fləşmob təqdim edilib.
X X X
Salyanda Xocalı faciəsinin 26-cı ildönümü bir sıra tədbirlərlə anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının abidə kompleksi önünə gül dəstələri düzüblər. Sonra Milli Qəhrəman Nazim Babayevin büstü ziyarət olunub, Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb.
Sonra mərasim iştirakçıları şəhərdəki rəsm qalereyasında Xocalı faciəsinə həsr edilən rəsm əsərləri ilə tanış olublar.
Anım mərasimi məktəblilərin təqdim etdiyi ədəbi-bədii kompozisiyanın nümayişi ilə başa çatıb.