Xocalı rabitə qovşağının rəisi: Ermənilər törətdikləri soyqırımına görə cavab verməlidirlər
Bakı, 26 fevral, AZƏRTAC
Hələ 1988-ci ildən etibarən Xocalıya hücumlar başlamışdı. Ermənilər tez-tez gizli yığıncaqlar keçirməklə müzakirələr aparırdılar. Onlar azərbaycanlıları həmin yığıncaqlara buraxmırdılar. 1988-ci ildən 1992-ci ilə qədər Xocalı özünümüdafiə batalyonu yaradıldı, postlar quruldu, əhali növbə ilə gecələr postlarda keşik çəkməyə başladı. Xocalı hər tərəfdən ermənilərlə əhatə olunmuşdu. Çıxış yolumuz yox idi. Şuşaya, yaxud Ağdama getmək üçün ermənilərin yaşadıqları yerlərdən keçməli idik. Bu zaman onlar maşınların şüşələrini qırırdılar. Sonra keçmiş sovet ordusunun kursantları gəlib Xocalını mühasirəyə aldılar. Onlar bütün evləri axtararaq ov tüfənglərini yığırdılar. 1992-ci ilə kimi bu cür səksəkələrlə yaşamışıq. Elə olurdu ki, üç tərəfdən Xocalı atəşə tutulurdu.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Xocalı rabitə qovşağının rəisi Cavid Əliyev deyib.
Bütün ailə üzvləri girov götürülmüş Cavid Əliyev bildirib ki, atası və qaynı həmin vaxt şəhid olub. Əmisi oğlunun səkkiz nəfərlik ailəsi tamamilə məhv edilib. Təkcə onların qonşuluğunda 41 nəfər şəhid olub. “Hər dəfə bunları danışanda yaramızın qaysağı təzələnir. Biz istəyirik ki, torpaqlarımızı azad edək və öz yurdumuzda yaşayaq. Ermənilər törətdikləri soyqırımına görə cavab verməlidirlər,” - Cavid Əliyev bildirib.