Xocalı soyqırımı bəşər tarixində ən dəhşətli cinayətlərdən biridir
Bakı, 22 fevral, AZƏRTAC
Fevralın 22-də AMEA-nın Zoologiya İnstitutunun Qadınlar Şurasının təşkilatçılığı ilə Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunan “Tarixin qan yaddaşı” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Mərkəzi Elmi Kitabxanada baş tutan tədbirdə iştirakçılar əvvəlcə “Qarabağ həqiqətlərini beynəlxalq aləmə tanıtma” İctimai Birliyinin sədri Əlövsət Qasımovun Xocalı faciəsini özündə əks etdirən sərgisinə baxıblar.
Tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Yığıncaqda institutun direktoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Elman Yusifov çıxış edərək 27 il əvvəl ermənilərin keçmiş sovet ordusunun 366-cı alayının köməyilə Xocalıda xalqımıza qarşı törətdikləri soyqırımı aktının bəşər tarixində ən dəhşətli cinayətlərindən biri olduğunu vurğulayıb, məhz ümummilli lider Heydər Əliyev tərəfindən bu qanlı cinayətə siyasi və hüquqi qiymət verildiyini diqqətə çatdırıb. O, xalqımıza qarşı törədilən qətliamların dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında Prezident İlham Əliyevin, habelə Heydər Əliyev Fondunun əvəzsiz xidmətlərindən danışıb.
Elman Yusifov azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı və deportasiyaların tarixinə nəzər salaraq bildirib ki, qan yaddaşımıza çevrilmiş bu hadisə unudulmamalı, soyqırımı qurbanlarının xatirəsi qəlbimizdə əbədi yaşamalıdır.
Zoologiya İnstitutunun Qadınlar Şurasının sədri, biologiya üzrə fəlsəfə doktoru, dosent Yeganə Mahmudova Azərbaycanın xarici siyasətində Xocalı soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən tanınmasına dair mühüm işlərin aparıldığını deyib. O, “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasının gördüyü işlərin əhəmiyyətindən danışıb. Yeganə Mahmudova 2 dövlətin Xocalıda baş verənləri soyqırımı, 11 dövlətin, o cümlədən ABŞ-ın 22 ştatının isə qətliam kimi tanıdığını qeyd edib.
Tədbirdə, həmçinin AMEA-nın Qadınlar Şurasının sədri, professor Rəna Mirzəzadə, “Qarabağ həqiqətlərini beynəlxalq aləmə tanıtma” İctimai Birliyinin sədri Əlövsət Qasımov, BMT yanında İnsan Haqları Bürosunun beynəlxalq əlaqələr departamentinin sədr müavini Firdovsi Ələkbərov, Beynəlxalq Diaspor Mərkəzinin sədri, BMT yanında İnsan Haqları Bürosunun Azərbaycan üzrə komissarı İsmayıl Ağayev, Zoologiya İnstitutunun şöbə müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Adil Əliyev, aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Təvəkkül İsgəndərov və digərləri çıxış edərək Xocalı hadisələrinin beynəlxalq terror aktı olduğunu vurğulayaraq, bu hadisənin günahkarlarının layiqli cəzalarını alacaqlarına əminliklərini bildiriblər.
Sonda Xocalı soyqırımına həsr olunan “Qəzəb” filmi nümayiş etdirilib.