Xocalı soyqırımı ermənilərin azərbaycanlılara qarşı bəslədikləri kin və nifrətin ən qanlı təzahürüdür
Bakı, 26 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbir Xocalı faciəsi qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Müəssisənin elmi işlər üzrə direktor müavini Ələmdar Məmmədov çıxışında Xocalı soyqırımının ermənilərin uzun tarixi dövr ərzində azərbaycanlılara qarşı bəslədikləri kin və nifrətin ən qanlı təzahürü olduğunu bildirib. Qeyd olunub ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə artıq bir neçə ay mühasirədə saxlanılan Xocalı erməni silahlı qüvvələri tərəfindən işğal olunub, əliyalın, dinc əhaliyə amansız divan tutulub.
İnstitutun digər əməkdaşları da ermənilərin qanlı əməllərinin insanlığa qarşı törədilmiş vəhşilik və terror aktı olduğunu bildirib, Xocalı faciəsinin dünya miqyasında tanınması istiqamətində görülən işlərdən danışıblar.