Xocalı soyqırımı qurbanlarının xatirəsi Haaqada yad edilib
Haaqa, 26 fevral, AZƏRTAC
Niderlandda yaşayan azərbaycanlılar Kamperfoeliestraat məzarlığında yerləşən Xocalı abidəsini ziyarət edərək soyqırımı qurbanlarının xatirəsini yad ediblər.
Ziyarət Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyi və Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin birgə təşkilatçılığı ilə baş tutub. Ziyarətçilər abidənin önünə əklil və tər güllər qoyub, Xocalı faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla anıblar.
Azərbaycanın Niderlanddakı müvəqqəti işlər vəkili Cəlal Mirzəyev tədbirdə çıxış edərək deyib ki, Xocalı soyqırımı müasir Azərbaycan tarixinin qan yaddaşıdır. Bu faciə Niderlandda yaşayan azərbaycanlılar tərəfindən də unudulmamalı və unutdurulmamalıdır. Xocalı soyqırımına siyasi-hüquqi qiymət 1994-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən verilib. Məhz həmin ildən etibarən istər ölkə daxilində, istərsə də xaricdə bu faciənin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü işlər görülür. Bir sıra ölkələrdə Xocalı soyqırımı parlament səviyyəsində tanınıb. Bu il də Niderlandın müxtəlif şəhərlərində Xocalı soyqırımının yad edilməsi üçün silsilə tədbirlər keçirilir.
Prezident Administrasiyasının sektor müdiri Qafar Əliyev tədbirdə çıxış edərək Xocalı soyqırımının XX əsrin ən dəhşətli faciələrindən biri olduğunu qeyd edib. O, Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən siyasət haqqında məlumat verib.
Türkiyənin Niderlanddakı müvəqqəti işlər vəkili Alper Yüksel ölkəsinin Azərbaycanın kədərini bölüşdüyünü bildirib. Diplomat Türkiyənin hər zaman qardaş ölkə olan Azərbaycanın yanında olduğunu vurğulayıb.
Anım mərasimində diaspor nümayəndələri, o cümlədən Azərbaycanlıların və Digər Türk Xalqlarının Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov, Azərbaycan- Türk Mədəniyyət Mərkəzinin sədri İlhan Aşkın çıxış edərək Xocalı soyqırımı ilə bağlı fikirlərini bölüşüblər.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Haaqa