Xocalı soyqırımından bəhs edən kitab Harvard Universitetinin kitabxanasında
Bakı, 8 may (AZƏRTAC). Heydər Əliyev İrsini Araşdırma Mərkəzi tərəfindən Xocalı soyqırımının 20-ci ildönümü ərəfəsində Azərbaycan, ingilis, fransız və rus dillərində nəşr edilmiş “Xocalı-1992” kitabının nüsxələri ABŞ-ın Harvard Universitetinin kitabxanasında yer almışdır.
Bu barədə AZƏRTAC-a kitabın yaradıcı heyətinin rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayev məlumat vermişdir. F.Babayev bildirmişdir ki, Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin (www.aliyevheritage.org) nəşrləri bir qayda olaraq Azərbaycan dili ilə yanaşı, geniş yayılmış xarici dillərdə də çap edilir. Cari ilin fevralında işıq üzü görmüş “Xocalı-1992” kitabı həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı yaradılmış ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin dövlət dillərində nəşr olunmuşdur.
Bu kitab Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının sədri, Milli Məclisin deputatı Elxan Süleymanovun təşkilatçılığı ilə bir müddət əvvəl Belçika Federal Parlamentində “İşğal olunmuş ərazilər, unudulmuş ərazilər - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hüquqi və humanitar aspektləri” mövzusunda keçirilmiş müzakirələrdə də təqdim edilmişdir.
Fuad Babayev daha sonra demişdir: “Təbii ki, kitab dünyanın ən nüfuzlu kitabxanalarına da göndərilmişdir. Bu günlərdə isə biz Harvard Universiteti kitabxanasından “Xocalı-1992” kitabının nüsxələrinin fondlara daxil edilməsi haqqında məlumat aldıq. Bu, planetin əsas elm mərkəzlərindən aldığımız analoji məzmunlu növbəti məktubdur”.