Xocalı soyqırımının 26-cı ildönümü Memarlıq və İnşaat Universitetində qeyd edilib
Bakı, 23 fevral, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Yeni Azərbacan Partiyası (YAP) Yasamal rayon qadınlar şurasının təşkilatçılığı ilə Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Xocalı faciəsi qurbanlarının və Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anım mərasimində YAP Yasamal rayon qadınlar şurasının sədri, universitetin Azərbaycan dili və pedaqogika kafedrasının müdiri Salatın Əhmədli Xocalı soyqırımının bəşər tarixində baş vermiş ən faciəvi hadisələrdən biri olduğunu deyib, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən danışıb.
Universitetin rektoru, professor Gülçöhrə Məmmədova Xocalı hadisələri zamanı xalqımıza qaşı tərədilən qırğınlardan danışıb. Xocalı soyqırımının dünyaya çatdırılması istiqamətində Heydər Əliyev Fondunun və Fondun vitse-prezidenti Leyla Əliyevanın həyata keçirdiyi mühüm layihələr diqqətə çatdırılıb. Rektor bildirib ki, məhz bu uğurlu fəaliyyət nəticəsində artıq dünya ictimaiyyəti Xocalı faciəsi, torpaqlarımızın zəbt edilməsi ilə bağlı daha çox məlumatlıdır.
Tədbirdə universitetin torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olmuş məzunu, Azərbaycanın Milli Qəhrəmanı Ramiz Qəmbərovun keçdiyi qəhrəmanlıq dolu həyat yoluna da nəzər salınıb. Rektor onun dövlətinə və xalqına sadiq, vətənpərvər gənc olduğunu vurğulayıb, şəhidin ömür yolunun gənc nəsillər üçün ən böyük örnək olduğunu deyib. Sonda G.Məmmədova Ramiz Qəmbərovun timsalında bütün şəhidlərimizin ruhuna Allahdan rəhmət diləyib.
Ramiz Qəmbərovun qardaşı Hafiz Qəmbərov, Qarabağ müharibəsi iştirakçısı, polis mayoru Aida Şirinova şəhidlə bağlı xatirələrini bölüşüblər.
Tədbir iştirakçıları sonda Milli Qəhrəman haqqında Kəmalə Musazadənin ssenari müəllifi və rejissoru olduğu “Şuşalı şəhid” sənədli filminə baxıblar.