Xocalı soyqırımının dünyada tanınması üçün Ankaradan yürüşə başlamış Türkiyə vətəndaşı İğdır vilayətinə çatmışdır
Bakı, 26 aprel (AZƏRTAC). Xocalı soyqırımının dünyada tanınması üçün martın 21-də Ankaradan Xocalıya 2800 kilometrlik yürüşə başlayan Türkiyə vətəndaşı Qələndər Bayramlı İğdır vilayətinin Aralıq qəsəbəsinə çatmışdır.
Türkiyə-Azərbaycan Dərnəyinin İğdır vilayəti üzrə təmsilçisi, jurnalist Sərdar Ünsal AZƏRTAC-a bildirmişdir ki, Ankaranın Kızılay meydanından yola çıxan Q.Bayramlı bu yürüşlə Türkiyə və digər ölkələrin parlamentlərində Xocalı soyqırımının tanınmasına və bu qətliamı törədənlərin cəzalandırılmasına diqqəti cəlb etmək istədiyini demişdir. Yürüşçü 1100 kilometr yol qət etdiyini vurğulayaraq bildirmişdir ki, o, Naxçıvan və İran ərazisindən keçərək Bakıya gələcək və buradan Xocalıya gedəcəkdir. Yürüşə tək başladığını deyən Q.Bayramlı bu aksiyanın keçdiyi ərazilərdə dəstəkləndiyini bildirmişdir.
Aralıq qəsəbəsi mərkəzinin üç kilometrliyində Q.Bayramlını yerli icra nümayəndəsi Fatih Çiçəkli və jurnalist Sərdar Ünsal qarşılamışlar. Onlar qəsəbə mərkəzinə qədər olan məsafəni birlikdə qət etmişlər.
Fatih Çiçəkli Xocalı soyqırımının dünya tarixində dəhşətli faciələrdən olduğunu vurğulayaraq bu yürüşün məqsədinə çatacağına əminliyini bildirmişdir.
Sonra Q.Bayramlıya hədiyyə təqdim edilmişdir.