“Xocalı” tamaşası “Günay” Uşaq Teatrının ifasında
Bakı, 26 fevral, AZƏRTAC
Fevralın 26-da Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Bakı Uşaq Teatrı nəzdində fəaliyyət göstərən “Gunay” Uşaq Teatrının ifasında Zərəngiz Dəmirçi Qayalının “Xocalı” tamaşası nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə teatrın direktoru İntiqam Soltan, əsərin müəllifi Zərəngiz Dəmirçi Qayalı, Türkiyə Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov, “Dövlət və qanun” qəzetinin baş redaktoru Yasəmən Möhöbbətqızı və başqaları Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrdən biri olduğunu bildiriblər. Diqqətə çatdırılıb ki, Xocalı faciəsi Xatın, Lidisa, Naqasaki, Hirosima soyqırımları kimi bəşəriyyət tarixinə düşmüş qanlı bir aksiyadır.
Vurğulanıb ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə elan edilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində həyata keçirilən tamaşanın məqsədi Xocalıdakı cinayətə hüquqi-siyasi qiymətin verilməsinə, bütün dünyanın Xocalı soyqırımını tanımasına nail olmaqdır.
Sonra “Xocalı” tamaşası nümayiş olunub. Tamaşanın rejissoru Larisa Tarusova, baletmeysteri Günəş Talıblı, ideya müəllifi Aygün Zamanlıdır.
Tədbir iştirakçıları balaca “səhnə usta”larının ifalarını alqışlarla qarşılayıblar.