REGİONLAR
Xocavəndlilər Ulu Öndər Heydər Əliyevə ümumxalq məhəbbətini nümayiş etdiriblər
Beyləqan, 10 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi respublikamızın bütün bölgələrində olduğu kimi, xocavəndlilərin məskunlaşdığı Beyləqan rayonu ərazisindəki Xocavənd qəsəbəsində də qeyd edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xocavənd Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, dahi şəxsiyyətin xatirəsini hörmət və ehtiramla anıblar. Sonra Ulu Öndərin Xocavənd batalyonu ilə görüşü zamanı çəkilmiş fotoşəkillər və ümumtəhsil məktəblərinin şagirdlərinin rəsmlərindən ibarət sərgiyə baxış keçirilib.
Mədəniyyət evində davam edən tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1969-2003-cü illərdə siyasi fəaliyyəti” mövzusunda məruzəsi dinlənilib.
E.Hüseynov Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində müsbət dəyişikliklərdən bəhs edib, milli dövlət quruculuğu, sabitliyin təmin edilməsi prosesində dahi rəhbərin yorulmaz fəaliyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən “Əsrin adamı” adlı film nümayiş olunub.