Xüsusi mühafizə olunan təbiət əraziləri vəhşi heyvanların mühafizəsi və öyrənilməsində mühüm rol oynayır
Bakı, 4 oktyabr (AZƏRTAC). Oktyabrın 3-ü “Birdlife İnternational” təşkilatının təklifi ilə bütün dünyada Ümumdünya Quşların Müşahidəsi Günü kimi qeyd olunur. Məqsəd quşların mühafizəsi problemlərinin ictimaiyyətin diqqətinə çatdırmaq, həmçinin quşları təbii mühitində öyrənmək, insanları daha çox quş növləri ilə tanış etməkdir.
1931-ci il oktyabrın 4-də də isə İtaliyanın Florensiya şəhərində təbiətsevərlərin Beynəlxalq Konqresində Ümumdünya Heyvanların Mühafizəsi Gününün təsis olunması barədə Qərar qəbul edilmişdir.
Bu əlamətdar günlərlə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən Altıağac Milli Parkının nəzdində Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiyası Klinikası yaradılmışdır. Əsas məqsəd qeyri-qanuni əldə edilmiş heyvan və quşların reabilitasiya edilərək təbiətə buraxılması, nadir və sayı azalmaqda olan heyvan növlərinin süni və yarımqapalı şəraitdə saxlanılmasının təşkili, sayının artırılması, bərpası və təbiətə qaytarılması işlərinin aparılmasından ibarətdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ötən müddət ərzində Mərkəzdə reabilitasiyasını başa vuran canlılar dəfələrlə ictimaiyyətin iştirakı ilə vəhşi təbiətə buraxılmışdır.
Xüsusi mühafizə olunan təbiət ərazilərinin təşkili və inkişaf etdirilməsi vəhşi heyvanların mühafizəsi və öyrənilməsində mühüm rol oynayır. Bu ərazilər vəhşi heyvan növlərinin təhlükəsiz şəraitdə yaşamasına, onların sayının qısa müddətdə təbii yollarla artmasına, nadir heyvan növlərinin populyasiyasının bərpa olunmasına şərait yaradır.
Son illər ETSN tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində hazırda ölkəmizdə ümumi sahəsi 881 min hektaradək Xüsusi Mühafizə Olunan Təbiət Ərazisi, o cümlədən 8 Milli Park, 11 Dövlət Təbiət Qoruğu və 24 Dövlət Təbiət Yasaqlığı mövcuddur və onların sahəsi ölkə ərazisinin təqribən 10,2 faizini təşkil edir.