XV TÜRK TARİX KONQRESİNDƏ AZƏRBAYCAN TARİXİNƏ DAİR MƏRUZƏLƏR BÖYÜK MARAQ DOĞURMUŞDUR
Konqresin “Mərkəzi Asiya və Qafqazın tarixi” bölməsində ölkəmizi təmsil edən tarixçi alimlərin Azərbaycan tarixinin müxtəlif dövrlərini əhatə edən elmi məruzələri böyük maraqla qarşılanmışdır. Tohid Məlikzadənin oğuz tayfalarından, Nuriyə Qarayevanın Xəzər xaqanlığının tarixindən, Tofiq Mustafazadənin Qarabağ xanlığının Osmanlı dövləti ilə əlaqələrindən bəhs edən məruzələri sanballı mənbələrə söykənən dərin elmi təhlili ilə fərqlənmişlər. Cəmil Həsənlinin “Sovetlərin Türkiyəyə qarşı tələbləri Rusiyanın arxiv sənədlərində” mövzusunda məruzəsi tarixi faktların zənginliyi baxımından diqqəti cəlb etmişdir.
Gürcüstan Prezidentinin anası Giuli Alasanianın da sədrlik etdiyi bölmə iclaslarında gürcü tarixçiləri Mirian Maxaradzenin “Osmanlı dövlətinin XV əsrin II yarısında Gürcüstana yürüşləri” və Mixail Svanidzenin “Osmanlı-İran sülh müqaviləsi və Gürcüstan” mövzusunda məruzələrində də Azərbaycanın orta əsrlər və xanlıqlar dövrü tarixi əks olunmuşdur. İranlı tarixçi Hüseyn Mircəfərinin “Şah İsmayılın Ərzincan yürüşü və bu yürüşün Səfəvilər dövlətinin qurulmasında əhəmiyyəti” mövzusunda elmi tədqiqatı da Azərbaycan tarixinin mühüm bir hissəsini əhatə etmişdir.
Mərkəzi Asiya və Rusiyadan gəlmiş tarixçi alimlərin məruzələrində də Orta Asiya və Krım türklərinin qədim zamanlardan Yeni tarixə qədər olan kəşməkəşli tarixi sanballı faktlarla təqdim olunmuşdur.