“YADDAN ÇIXMAZ QARABAĞ” MƏDƏNİYYƏT HƏFTƏSİ ÇƏRÇİVƏSİNDƏ NÖVBƏTİ TƏDBİR KEÇİRİLMİŞDİR
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə nazirliyin musiqi sektorunun müdiri Fərəh Əliyeva çıxış edərək bu aksiyanın Azərbaycanın bütün regionlarında qeyd edildiyini bildirmişdir. O, bu silsilə tədbirlərin əhəmiyyətindən danışaraq vurğulamışdır ki, Azərbaycanın əzəli və əbədi ərazisi olan Qarabağı düşmən tapdağından azad etmək üçün bütün imkanlarımızı səfərbər etməli və yetişməkdə olan gənc nəsli vətənpərvərlik ruhunda böyütməliyik.
Onun sözlərinə görə, aksiya oktyabrın 31-də Opera və Balet teatrında mərhum bəstəkar, xalq artisti, “Şöhrət” ordenli Vasif Adıgözəlovun “Natəvan” operasının tamaşası ilə başa çatacaqdır.
Tədbirdə əməkdar artistlər Gülyaz və Gülyanaq Məmmədova bacıları, Elza Seyidcahan, Vaqif Şıxəliyev və Dağıstan Respublikasının əməkdar artisti Əbülfət Oğuz rəngarəng musiqi nömrələri ilə çıxış etmişlər.
Mahnı teatrının nəzdində fəaliyyət göstərən “Uşaq muğam ifaçılığı studiyası”nın Ağdam, Şuşa, Kəlbəcər, Füzuli, Qubadlı, Zəngilan rayonlarından olan azyaşlı ifaçılarının oxuduqları mahnıları iştirakçılar daha böyük maraqla dinləmişlər.