Yanğınsöndürmə xidmətlərinin şəxsi heyətinin iştirakı ilə gündüz məşğələsi keçirilib
Naxçıvan, 7 yanvar, AZƏRTAC
Naxçıvan Şəhər Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin 2021-ci ilin birinci yarımili üçün təsdiq edilmiş döyüş və peşə hazırlığı planına uyğun olaraq şöbənin növbətçi yanğınsöndürmə xidmətlərinin şəxsi heyətinin iştirakı ilə Naxçıvan şəhəri Əliabad qəsəbəsində fəaliyyət göstərən “Zümrüd Tikiş” Məhdud Məsuliyyətli Cəmiyyətində ikigünlük gündüz məşğələsi keçirilib.
Muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, məşğələ müddətində şöbənin növbətçi yanğınsöndürmə xidmətlərinin şəxsi heyətinə cəmiyyətin müvafiq vəzifəli şəxsləri tərəfindən müəssisənin istehsalat fəaliyyəti, yanğın təhlükəli sahələri və istehsal sexləri haqqında ətraflı məlumatlar verilib, əsas giriş və ehtiyat çıxış yolları, müəssisənin təxliyə planı, ilkin yanğınsöndürmə vasitələrinin mövcudluğu və onlardan istifadə qaydaları praktiki olaraq öyrənilib.
Təsdiq olunmuş plana əsasən şəxsi heyətin döyüş və peşə hazırlığının artırılması məqsədi ilə müəssisədə şərti olaraq baş vermiş yanğının söndürülməsi və lokallaşdırılması istiqamətində tapşırıqlar icra olunub.
Məşğələnin keçirilməsində əsas məqsəd Naxçıvan Şəhər Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin növbətçi yanğınsöndürmə xidmətlərinin şəxsi heyətinə Naxçıvan Muxtar Respublikasında müasir tələblərə cavab verən və yeni istehsal müəssisəsi olan “Zümrüd Tikiş” MMC-nin istehsal fəaliyyəti və yanğın təhlükəli sahələri ilə yaxından tanış olmaq, eləcə də yanğın zamanı yanğınsöndürmə bölmələri tərəfindən görüləcək təxirəsalınmaz tədbirlər haqqında məlumatlar əldə etməkdən ibarət olub.
Şöbənin təsdiq edilmiş döyüş və peşə hazırlığı planına uyğun olaraq nəzərdə tutulmuş istehsalat və təhlükə potensiallı obyektlərdə mütəmadi olaraq gecə və gündüz məşğələlərinin keçirilməsi planlaşdırılır.