İQTİSADİYYAT
Yanvar-aprel aylarında 130 min tonadək meyvə-tərəvəz ixrac edilib – statistik göstəricilər
Bakı, 19 may, AZƏRTAC
Bu ilin yanvar-aprel aylarında 129,7 min ton meyvə-tərəvəz ixrac edilib.
AZƏRTAC Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac edilən meyvə-tərəvəzin dəyəri 161 milyon dollar olub. 2022-ci ilin dörd ayında isə dəyəri 162,6 milyon dollar olmaqla, 127,7 min ton meyvə-tərəvəz ixrac edilmişdi.
Hesabat dövründə 3,4 milyon dollarlıq 7778 ton kartof ixrac olunub. Ötən ilin eyni dövründə 4552 ton kartof ixrac edilmişdi. İxrac edilən kartofun dəyəri 2,1 milyon dollar olub.
Dörd ayda 43,3 min ton tomat ixracı həyata keçirilib. İxrac edilən tomatın dəyəri 54,1 milyon dollar olub. Ötən ilin yanvar-aprel aylarında isə məbləği 58,2 milyon dollar olan 48 min ton tomat ixrac edilmişdi.
Meşə fındığının ixracında artım olub. Belə ki, 48,8 milyon dollar dəyərində 9945 ton meşə fındığı ixrac edilib. Ötən ilin müvafiq dövründə isə 49,2 milyon dollarlıq 8665 ton meşə fındığının ixracı həyata keçirilmişdi.
Həmçinin bu il xaricə 27,5 min ton alma göndərilib. İxrac edilən almanın dəyəri 17,7 milyon dollar təşkil edib. Keçən ilin yanvar-aprel aylarında dəyəri 11,4 milyon dollar olan 17,2 min ton alma ixrac edilmişdi.
Xurma ixracında azalma olub. Belə ki, bu müddətdə dəyəri 14,7 milyon dollar olan 20,2 min ton xurma ixrac edilib. Ötən ilin 4 ayında isə 29,6 milyon dollarlıq 39 min ton ixrac həyata keçirilmişdi.
Hesabat dövründə 6208 ton nar ixrac edilib. İxrac edilən narın dəyəri 8 milyon dollar olub. 2022-ci ilin eyni dövründə məbləği 2,4 milyon dollar olan 1541 ton nar ixrac edilmişdi.