YAP Nizami rayon təşkilatında Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilmişdir
Bakı, 31 mart (AZƏRTAC). Martın 31-də Yeni Azərbaycan Partiyasının (YAP) Nizami rayon təşkilatında 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ideya rəhbərliyi ilə ”Azərbaycan”qəzeti redaksiyasının kollektivi tərəfindən hazırlanmış “Azərbaycanlıların soyqırımı: Tarixin qanlı salnaməsi” adlı ikicildlik kitab da təqdim edilmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbirdə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılmışdır.
YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva bildirmişdir ki, “Azərbaycanlıların soyqırımı: Tarixin qanlı salnaməsi” ikicildliyinin Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində işıq üzü görməsi mühüm hadisədir. O qeyd etmişdir ki, mart hadisələrinin 80-ci il dönümündə - 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman erməni millətçilərinin törətdikləri soyqırımına ilk hüquqi-siyasi qiymət olmuşdur.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov vurğulamışdır ki, ikicildlik erməni faşizminin mahiyyətini açır, xalqımıza qarşı törədilən soyqırımı həqiqətlərini əsaslı faktlarla diqqətə çatdırır.
Milli Məclisin deputatları Aydın Mirzəzadə və Flora Xəlilova soyqırımı qurbanlarının xatirəsinə xarici ölkələrdə də dərin kədər hissi ilə anıldığını və silsilə tədbirlər həyata keçirildiyini qeyd etmişlər.
Tədbirdə, həmçinin tarixi sənədlər və faktlarla zəngin olan, elmi təhlil əsasında yazılan “Azərbaycanlıların soyqırımı: Tarixin qanlı salnaməsi” ikicildliyinin dünya dillərinə tərcümə olunmasının vacibliyi vurğulanmış, kitabın Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyəti qeyd olunmuşdur.